İmişlidə toyda zəhərlənmə hadisəsini prokurorluq araşdırır - YENİLƏNİB


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.



***

İmişlidə toyda zəhərlənənlərin sayı artıb.

TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir”.

***

TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb:

“İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır”.

***

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

Onlara ilkin tibbi yardım göstərilir.

Xəstəxanaya daxil olan şəxslərin eyni toyda iştirak etdiyi bildirilir.

Əlavə məlumat veriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu