ABŞ müdafiə nazirinin təyyarəsi Böyük Britaniyada təcili eniş edib
ABŞ müdafiə naziri Pit Heqsetin təyyarəsi ön şüşəsində yaranan çat səbəbindən Böyük Britaniyada təcili eniş edib.
Pentagon sözçüsü Şon Parnel sosial mediada yaydığı açıqlamada bildirib ki, NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından qayıdan Heqsetin təyyarəsinin ön şüşəsində çat əmələ gəlib. Bu səbəbdən təyyarə təhlükəsizlik məqsədilə İngiltərədəki hava limanlarından birinə planlaşdırılmamış eniş edib.
Parnel qeyd edib ki, eniş bütün standart təhlükəsizlik prosedurlarına uyğun şəkildə həyata keçirilib və Heqset də daxil olmaqla, təyyarədə olan bütün şəxslər salamatdır.
Qeyd edək ki, Pit Heqset Brüsseldə keçirilən NATO qərargahındakı Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısında iştirak edərək Rusiya–Ukrayna müharibəsinin gedişatı ilə bağlı müzakirələr aparmışdı.



