Kaliforniya sakininin evinin altından 200 kiloqramlıq ayı çıxdı
Kaliforniya sakini Ken Conson həftələrdir evinin altında icazəsiz yaşayan gözlənilməz qonağı - təxminən 200 kiloqram ağırlığında qara ayını çıxarmağa çalışır.
Altadenada yaşayan Conson zibil qutularının aşması və həyətdəki kərpiclərin yerindən tərpənməsindən sonra şübhələnərək hərəkət sensorlu təhlükəsizlik kameraları quraşdırıb.
Görüntülər nəhəng ayının 75 santimetrlik dar zirzəmi boşluğuna girib çıxdığını ortaya çıxarıb. Ayı həm zibil qutularını qarışdırarkən, həm də kərpicləri sökərkən kameraya düşüb.
Conson iyunda evin altındakı boşluğun dağıldığını gördüyünü deyib. Bunun nədən və ya kimdən qaynaqlandığını isə keçən həftəyə qədər bilmirmiş. Keçən şənbə ayı qısa müddətlik çölə çıxıb, bazar gecəsi isə təxminən 20 dəqiqə boyunca çöldə qalıb.
“Burada tez-tez vəhşi heyvan görürəm, amma zirzəmi boşluğumun dağıldığını heç vaxt görməmişdim” deyən Conson cümə günü kameranın batareyasını dəyişməyə çalışarkən ayının nərilti səsləri ilə qarşılaşdığını bildirib. Conson “Onun harada olduğunu bilməmək çox qorxuludur” ifadəsini işlədib.
Kaliforniya Balıq və Vəhşi Təbiət Departamenti ilə əlaqə saxlayan Conson yalnız internetdə bir formaya yönləndirildiyini və aydın cavab almadığını deyib. O, bazar ertəsi səhər rəsmi müraciətini edib.
Conson ayının sakitləşdirilərək başqa yerə aparılacağını ümid etsə də, bunun çox real görünmədiyini bildirib. Hazırda prosesi özü həll etməli ola biləcəyini düşünür. Ayını yemləyərək çölə çıxarmağı, ardından boşluğu bibər qazı sürtülmüş qum torbaları ilə bağlamağı planlaşdırır.
Conson “Mətbəxin altından gələn səsləri eşidəndə çox gərginləşirəm” deyib.





