Eldar Quliyev həm deputatdır, həm rektor — Qanun nə deyir?



Azərbaycanda deputatlıq fəaliyyəti ilə eyni vaxtda rektor vəzifəsini icra etmək qanunvericiliyin tələblərinə zidd olsa da, buna yeganə nümunə kimi Eldar Quliyevi göstərmək olar.

“Qafqazinfo”nun məlumatına görə, 75 yaşlı Eldar Quliyev həm deputat, həm də Kooperasiya Universitetinin rektoru kimi fəaliyyət göstərir. E.Quliyevin hazırda rektor olduğunu universitetin Mətbuat xidməti də təsdiqləyib. Məsələ ondan ibarətdir ki, Konstitusiyanın 85-ci maddəsinə əsasən, rektor vəzifəsi icraedici və inzibati səlahiyyətlərə malik olduğundan, deputatlıq fəaliyyəti ilə paralel icrası qanunvericiliyə ziddir.

Mövzu ilə bağlı Eldar Quliyevin özü bildirib ki, Kooperasiya Universiteti özəl təhsil müəssisəsi olduğu üçün onun rektorluğu davam edir: “Dövlət universitetinin rektorları seçim etdilər. Bizdə isə özəl olduğu üçün bir söz demədilər”.

Milli Məclisin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə isə məsələnin komissiyada müzakirə edilmədiyini bildirib: “Qanunla deputatın rektor kimi fəaliyyət göstərməyi qadağandır. Amma bildiyimə görə, Eldar müəllim rektorluqdan imtina edib və sadəcə Şura rəhbəridir”.

Seçim qarşısında qalan digər rektorlar

Məlumat üçün bildirək ki, əvvəlki illərdə bir sıra tanınmış şəxslər məhz bu səbəbdən seçim qarşısında qalıblar. Onların arasında aşağıdakı adlar var:

Səməd Seyidov (Dillər Universiteti);
Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universiteti);
Əhliman Əmiraslanov (Tibb Universiteti);
Abel Məhərrəmov (Bakı Dövlət Universiteti);
Aqiyə Naxçıvanlı (Müəllimlər İnstitutu).

Qeyd edək ki, E.Quliyev Milli Məclisin II, III, IV, V, VI və VII çağırış üzvüdür. O, hazırda parlamentin Hesablayıcı komissiyasının sədri və 2020-ci ildən Azərbaycan Ağsaqqallar Şurasının rəhbəridir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu