Bəzi şəxslərə vergi güzəştləri tətbiq ediləcək


Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar xüsusi vergi güzəştləri tətbiq ediləcək. Bildirilib ki, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, bu irimiqyaslı qlobal tədbirin 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

• WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

• Qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına görə qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

• Qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

• Müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə malların idxalı (ƏDV üzrə azadolma).

Qeyd edilib ki, bütün vergi güzəştləri müvafiq təsdiqedici sənəd əsasında 2025-ci il sentyabrın 1-dən etibarən 1 il müddətinə tətbiq olunacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu