Məşhur "Aşiqlər Tağı" Sevgililər Günündə uçdu


İtaliyanın Puliya bölgəsində yerləşən və Sant’Andrea dəniz qayalıqlarının rəmzi hesab olunan "Aşiqlər Tağı" (Arco degli Innamorati) adlı təbiət abidəsi bir neçə gün davam edən əlverişsiz hava şəraitindən sonra fevralın 14-də – Sevgililər Günündə dağılıb.

İllərdir evlilik təklifləri və turist fotoları üçün populyar məkan olan tağın uçması bölgə sakinləri və rəsmilər tərəfindən böyük kədərlə qarşılanıb.

Melendunyo bələdiyyə sədri Maurisio Cisternino yerli mətbuata verdiyi açıqlamada hadisəni "arzuolunmaz Sevgililər Günü hədiyyəsi" kimi xarakterizə edib. Şiddətli yağış, külək və dalğaların sahil zolağını günlərlə döydüyünü bildirən Cisternino "Təbiət öz yaratdığını geri aldı" deyərək, bu vəziyyətin bölgə turizminə ağır zərbə vurduğunu ifadə edib.

Rəsmi nümayəndələr tağın uçmasından sonra kövrək sahil xəttindəki digər ərazilər üçün də xəbərdarlıq ediblər. Qayalarda gözlə görünən çatların yarandığını bildirən ekspertlər sahil eroziyasının getdikcə artan bir təhdidə çevrildiyini vurğulayırlar.

Son günlərdə təsirli olan fırtınalar təkcə Adriatik sahillərini deyil, İon dənizi sahillərini də vurub. Ucentodan Qallipoli çimərliklərinə qədər uzanan geniş ərazidə çimərlik strukturları və limanlar zərər görüb, həmçinin kiçikmiqyaslı sahil qayalığı uçqunları qeydə alınıb.

Bu il baş verən əlverişsiz hava şəraitinin Cənubi İtaliyada yaratdığı ümumi ziyanın bir milyard avrodan çox olduğu təxmin edilir. Siciliyanın Nişemi qəsəbəsində baş verən torpaq sürüşməsi səbəbindən 1500-dən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Bölgə daxilində infrastruktur və təbiət irsi obyektləri ciddi risk altındadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu