ABŞ ordusu sərhəd mühafizə dronunu lazerlə vurdu
ABŞ ordusunun Texasın El-Paso bölgəsi yaxınlığında Gömrük və Sərhəd Mühafizə Birliyinə (CBP) məxsus bir dronu lazerdən istifadə edərək vurduğu bildirilib.
AFN.az xəbər verir ki, Konqres üzvləri tərəfindən cümə axşamı verilən açıqlamanın ardından Federal Aviasiya Administrasiyası (FAA) Fort-Hankok bölgəsi üzərindəki hava məkanını uçuşlara bağlayıb. Lazerin nə üçün atəşləndiyi hələlik dəqiqləşməsə də, bu hadisə son iki həftə ərzində eyni bölgədə baş verən ikinci lazer insidenti kimi qeydə alınıb.
İlk hadisədə CBP tərəfindən Fort-Bliss yaxınlığında atəşlənən lazer hədəfə dəyməmişdi, lakin FAA təhlükəsizlik səbəbilə El-Paso hava limanındakı bütün hava hərəkətini dayandırmaq məcburiyyətində qalmışdı. Bu son hadisədə isə hava məkanı məhdudiyyətinin daha dar çərçivədə saxlanıldığı və kommersiya uçuşlarına təsir etmədiyi qeyd olunub.
Nümayəndələr Palatasının Nəqliyyat və İnfrastruktur Komitəsindəki yüksək rütbəli demokrat üzvlər yaşanan son hadisə qarşısında şoka düşdüklərini ifadə ediblər. Millət vəkilləri Pentaqon, FAA və Daxili Təhlükəsizlik Nazirliyi arasında koordinasiya əskikliyini tənqid edərək, iki partiyalı qanun layihəsinin Tramp administrasiyası tərəfindən görməzdən gəlindiyini bildiriblər.
İki həftə əvvəl El-Pasoda uçuşların ləğv edilməsinə səbəb olan ilk hadisə ilə bağlı maraqlı bir detal da ortaya çıxıb. Mənbələr CBP rəsmilərinin ordu tərəfindən təmin edilən dron əleyhinə lazeri daha sonra şar olduğu məlum olan obyektləri vurmaq üçün istifadə etdiyini bildirib.
FAA ilə koordinasiya qurulmadan həyata keçirilən bu əməliyyat hökumət qurumları arasındakı ünsiyyət qopuqluğunu yenidən gündəmə gətirib. Nəqliyyat naziri Şon Daffi El-Pasoda hava məkanını bağlamağın bir səhv olmadığını müdafiə edərkən, konqres üzvlərini bu həftə ərzində mövzu ilə bağlı məlumatlandıracağını açıqlayıb.
