Braziliyada daşqınlarda ölənlərin sayı 68-ə yüksəlib
Braziliyada fevralın 23-dən bu yana davam edən şiddətli yağışların yaratdığı sel və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 68 nəfərə çatıb.
AFN.az xəbər verir ki, Minas-Jerays ştatının yanğından mühafizə xidmətindən verilən məlumata görə, Juiz de Fora və Uba şəhərlərini vuran təbii fəlakətdən sonra ərazidə yeni meyitlər aşkar edilib.
Rəsmi açıqlamada ölənlərin 62-nin Juiz de Fora, 6-nın isə Uba şəhərində qeydə alındığı bildirilib. Hazırda itkin düşmüş 5 nəfərin axtarışları davam etdirilir. Xilasedicilər xüsusilə torpaq sürüşmələri nəticəsində uçan evlərin qalıqları altında araşdırmalar aparırlar.
Milli Təbii Fəlakətlərin Monitorinqi və Xəbərdarlıq Mərkəzi (Cemaden) yağışların hələ bir müddət davam edəcəyini açıqlayaraq, yeni sel və qəfil daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Ştat və federal hakimiyyət orqanları fəlakətdən zərər çəkənlərə kömək məqsədilə mülki müdafiə qruplarını, təhlükəsizlik qüvvələrini və tibbi heyəti bölgəyə cəlb edib.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva rəhbərliyi isə daşqınlar səbəbindən evsiz qalan vətəndaşlar üçün bələdiyyələrə yeni yardım paketlərinin ayrılacağını bəyan edib.

