Braziliyada daşqınlarda ölənlərin sayı 46-ya yüksəlib



Braziliyada fevralın 23-dən bəri davam edən şiddətli yağışlar nəticəsində yaranan daşqınlarda həyatını itirənlərin sayının 46-ya çatdığı bildirilib.

AFN.az xəbər verir ki, Minas-Jerays ştatının Yanğınsöndürmə İdarəsindən verilən açıqlamaya görə, Juiz de Fora və Uba şəhərlərini vuran təbii fəlakətdən sonra axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.

Son məlumatlara görə, can itkisi ilə yanaşı, 21 nəfər hələ də itkin düşmüş hesab olunur. Yerli hakimiyyət orqanları daşqınlardan ən çox zərər çəkmiş Juiz de Fora şəhərində 3600 nəfərin yüksək risk səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bəyan edib.

Meteoroloqlar leysan yağışların yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırır. Bu səbəbdən rəsmilər əhaliyə ehtiyatlı olmağı və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə ediblər. Minas-Jerays ştatının qubernatoru Romeu Zema yerli mətbuata verdiyi açıqlamada prioritet məqsədlərinin zərərçəkənlərə təcili humanitar yardım çatdırmaq olduğunu vurğulayıb.

O, bölgənin yenidən bərpası üçün mərkəzi hökumətlə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Eyni zamanda, Prezident Luiz İnasio Lula da Silva administrasiyası daşqınlar nəticəsində evsiz qalan vətəndaşlar üçün bələdiyyələrə yeni yardım paketlərinin ayrılacağını elan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu