Daşımalar üçün icazələr bu sənədlər əsasında veriləcək
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlərin siyahısı genişləndiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsini almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri və məlumatları elektron qaydada təqdim edəcək:
* sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri;
ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə: sərnişinlərin fərdi qəza sığortası və sürücünün icbari sığortasını təsdiq edən sənədlər;
taksi minik avtomobilləri ilə, habelə qeyri-müntəzəm sərnişin daşımalarına sürücülərin buraxılmasına dair təsdiqedici sənədləri.
Həmçinin, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilə alınması üçün “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilmiş sənədlərdən başqa, sərnişinlərin fərdi qəza sığortası və sürücülərin icbari sığortalanması tələb olunacaq.
Qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı təsdiq edilmiş tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq. Qeyri-müntəzəm sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan sürücülər buraxılacaq.
Bildirilib ki, ölkədaxili sifarişli daşımalar sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir. Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




