Avropa fond bazarları ardıcıl ikinci gündür mənfi zonadadır
Avropa birjalarının əsas indeksləri çərşənbə günü İrana qarşı hərbi əməliyyatlar və regionda artan gərginlik fonunda növbəti dəfə kəskin enişlə bağlanıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Paris birjasının əsas indeksi CAC-40 günü 3,46% itki ilə 8 103,85 bənddə başa vurub. Almaniyanın DAX indeksi 3,44% geriləyərək 23 790,65 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi isə 2,75% azalaraq 10 484,14 bəndə düşüb. İtaliyanın Milano Italia Borsa indeksi isə ən böyük itkilərdən birini yaşayaraq 3,92% ucuzlaşıb.
İnvestorların xüsusilə hərbi gərginliyə qarşı həssaslığı nəticəsində Avropanın aerokosmik və müdafiə şirkətlərini birləşdirən STOXX indeksi də 3,65% dəyər itirib.
Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar, o cümlədən Tehranın bombardman edilməsi və ali rəhbər Ayətullah Əli Xameneinin öldürülməsi qlobal bazarlarda qeyri-müəyyənliyi pik həddə çatdırıb. İrana məxsus qüvvələrin (SEPAH) regiondakı ABŞ və müttəfiqlərinin obyektlərinə cavab zərbələri endirməsi enerji daşıyıcılarının qiymətinin artmasına və səhmlərin kütləvi satışına səbəb olub.




