Avropada qazın qiyməti günü 17,5 faiz ucuzlaşma ilə başlayıb
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs əldə olunmasından sonra ötən günün bağlanış göstəricisi ilə müqayisədə 17,5 faiz ucuzlaşaraq günə başlayıb.
AFN.az xəbər verir ki, Avropanın ən böyük təbii qaz ticarət mərkəzi sayılan Niderlandın TTF qovşağında may fyuçersləri üzrə qazın bir meqavat-saatının qiyməti dünən 53,2 avro səviyyəsində bağlanmışdı.
Bu gün isə qiymətlər Bakı vaxtı ilə saat 10:12 radələrində 17,5 faiz geriləyərək bir meqavat-saat üçün 43,9 avroya düşüb. Avropa qaz bazarındakı bu kəskin ucuzlaşma ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının tamamilə açılması şərti ilə İranla 2 həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini elan etməsindən sonra baş verib.
Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20 faizinin daşındığı Hörmüz boğazının açılacağı ilə bağlı gözləntilər qiymətlərin aşağı düşməsini təmin etsə də, boğazın açılmasına baxmayaraq, ticarət axınının qısa müddətdə normala dönməsi gözlənilmir.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları, eləcə də İranın buna cavab zərbələri endirməsindən sonra Körfəz ölkələrindən olan Qətər və Birləşmiş Ərəb Əmirlikləri qaz istehsalını dayandırmışdı. İllik 80 milyon ton LNG istehsal edən Qətər qlobal bazarın və Avropanın ən mühüm tədarükçüləri arasında yer alır.
