Su İdmanı Sarayında nələr baş verir? - kiçik gimnastların valideynləri şikayətçidir
Su İdmanı Sarayında fəaliyyət göstərən bədii gimnastika klubunun idmançılarının valideynləri ölkə rəhbərliyinə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
AFN.az xəbər verir ki, valideynlər öz müraciətlərində on ildən artıq müddətdə fəaliyyət göstərən klubda son dövrlər yaranmış ciddi problemlərdən və rəhbərliyin fəaliyyətindən narazılıqlarını ifadə ediblər.
Müraciət müəllifləri bildirirlər ki, övladları uzun illər ərzində böyük zəhmət bahasına ölkəmizi həm daxili, həm də beynəlxalq yarışlarda layiqincə təmsil edərək çoxsaylı qızıl medallar qazanmışlar. Lakin son bir ildə Su İdmanı Sarayına təyin olunmuş direktor Əjdər Abbasovla idmançılar və valideynlər arasında ciddi anlaşma problemlərinin yarandığı qeyd olunur.
Valideynlərin iddiasına görə, 60-a yaxın uşağın məşğul olduğu klubda kadr çatışmazlığı hökm sürür, cəmi bir neçə məşqçi ilə iş aparılır ki, bu da idmançıların hazırlıq səviyyəsinə mənfi təsir göstərir. Xüsusilə vurğulanır ki, Azərbaycan milli komandasının keçmiş üzvü, üçqat Olimpiya iştirakçısı Yelizaveta Luzan könüllü şəkildə uşaqlarla işləmək istədiyini bildirsə də, direktor tərəfindən buna icazə verilmir.
Bununla yanaşı, valideynlər məşq zalındakı gimnastika xalçasının tamamilə yararsız olduğunu, örtüyün dağıldığını və bunun idmançıların həm fiziki zədə almasına, həm də tənəffüs problemləri yaşamasına səbəb olduğunu bildirirlər. Qeyd olunur ki, xoreoqrafiya dərsləri aylarla keçirilməyib və bütün bu texniki çatışmazlıqlar vəsait azlığı ilə əlaqələndirilib.
Müraciətdə həmçinin idmançıların xarici və yerli yarışlarda əsasən ailə büdcəsi hesabına iştirak etdikləri, klub tərəfindən heç bir maddi-mənəvi dəstək göstərilmədiyi vurğulanır. Valideynlər ölkə başçısından Gənclər və İdman Nazirliyi tərəfindən məsələnin araşdırılmasını və mövcud problemlərin aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş edirlər.





