Aİ-dən ABŞ-ın yeni gömrük rüsumlarına sərt reaksiya
Avropa Birliyi (Aİ) ABŞ-ın Birlik mənşəli avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumlarını 25 faizə qaldırmaq təhdidinə reaksiya verərək, cavab üçün bütün variantların masada olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Tomas Reynier Brüsseldə keçirdiyi mətbuat konfransında bu cür təhdidlərlə ilk dəfə qarşılaşmadıqlarını bildirib. Sözçü Aİ-nin hazırda ABŞ ilə mövcud olan birgə bəyannamənin icrasına diqqət yetirdiyini, lakin mümkün cavab tədbirləri barədə spekulyasiya aparmaq istəmədiyini vurğulayıb.
O, "Bütün variantlar masadadır dedikdə, həqiqətən də bütün variantları nəzərdə tuturuq" deyərək, hər hansı bir gərginliyi artırmaq niyyətində olmadıqlarını, lakin maraqlarını qoruyacaqlarını qeyd edib. Məlumata görə, Aİ Komissiyasının ticarət üzrə məsul üzvü Maroş Şefçoviç məsələ ilə bağlı sıx təmaslar qurur və o, mayın 5-də Parisdə ABŞ ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ticarət sazişinə əməl olunmadığı iddiası ilə Aİ-dən gətirilən nəqliyyat vasitələrinə tətbiq edilən rüsumları 25 faizə çatdıracağını elan edib. İki tərəf arasında ticarət danışıqları 2025-ci ilin iyulunda Şotlandiyada tamamlanmış, lakin Aİ tərəfi sazişin təsdiqlənməsi prosesini hələ yekunlaşdırmamışdır.
