Pakistanda sərnişin avtobusu dərəyə aşdı: 4 nəfər öldü, 26 nəfər yaralandı
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 4 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, hadisə Bəlucistanın Jhal Magsi bölgəsindən keçən M-8 magistral yolunda qeydə alınıb.
Yerli hüquq-mühafizə orqanlarından alınan məlumata görə, Xarandan Larkanaya gedən sərnişin avtobusu Savandi və Barica bölgələri arasında hərəkətdə olarkən sürücünün yüksək sürət səbəbindən sükan idarəetməsini itirməsi nəticəsində yoldan çıxaraq çay yatağına yuvarlanıb.
Baş verən qəza zamanı aralarında bir qadın və bir körpənin də olduğu 4 nəfər hadisə yerində dünyasını dəyişib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən dərhal sonra əraziyə cəlb olunan xilasetmə briqadaları yaralıları xəstəxanalara çatdırıblar.
Tibb rəsmiləri bildiriblər ki, xəstəxanaya yerləşdirilən yaralılardan baş nahiyəsindən ağır zərbə alan 7 nəfərin vəziyyəti kritikdir və onlar daha yüksək səviyyəli müalicə üçün Larkanaya göndəriliblər.
Polis qüvvələri qəzanın məhz sürət həddinin aşılması səbəbindən baş verdiyini təsdiqləyib, faktla bağlı araşdırmalar davam etdirilir.


