Qiymət yelləncəyi: Azərbaycan aqrar sektoru niyə "yanğınsöndürmə" rejimində işləyir?
Azərbaycanın kənd təsərrüfatı sektoru növbəti dəfə "plansız bolluq" və bunun gətirdiyi iqtisadi sarsıntı ilə üz-üzədir.
2024-2025-ci illərdə regionda, xüsusilə qonşu Türkiyədə soğan qiymətlərinin kəskin artması hələ də yaddaşlardadır. O dövrdə Türkiyə telekanallarının əsas mövzusuna çevrilən "soğan böhranı" domino effekti ilə Azərbaycana da çatmışdı. Daxili bazarda qiymətlərin bir neçə dəfə bahalaşması istehlakçıları çətin vəziyyətə salsa da, bu gün mənzərə tamamilə tərsinə dəyişib.
AFN.az-ın araşdırmaları göstərir ki, bu ucuzlaşma sevindirici xəbər deyil, əksinə, aqrar sektorda idarəetmə zəifliyinin göstəricisidir. Hazırda ölkədə soğanın topdansatış qiyməti cəmi 6,5 qəpiyə qədər düşüb. Fermerlər məhsulun əlində qalmasından, 30 kiloqramlıq kisəni cəmi 2 manata sata bilməməkdən şikayət edirlər. Nəzərə alsaq ki, təkcə boş kisənin qiyməti 1 manata yaxındır, ortada qalan məbləğin nə toplama, nə də daşıma xərclərini ödəmədiyi aydın görünür.
Kənd Təsərrüfatı Nazirliyi "ağa" yox beyin mərkəzi olmalıdır
Yaşanan bu mənzərənin kökündə duran əsas səbəb aqrar sahədə planlaşdırma və proqnozlaşdırma sisteminin olmamasıdır. Dünyanın inkişaf etmiş ölkələrində Kənd Təsərrüfatı Nazirliyi fermerin başının üstündə dayanan inzibati bir orqan deyil, bir növ "beyin mərkəzi" rolunu oynayır. Nazirlik tərəfindən hər il hansı məhsulun nə qədər əkilməli olduğu, daxili tələbat və ixrac potensialı öncədən hesablanmalı, fermerlərə buna uyğun istiqamət verilməlidir. Ötən iki ildə soğanın qiyməti yüksək olanda bütün fermerlər kütləvi şəkildə soğan əkməyə yönəldi. Nazirliyin isə bu prosesi tənzimləyən, bazarda artıq məhsul bolluğu yarana biləceyi ilə bağlı xəbərdarlıq edən heç bir təşviq və ya izahedici mexanizmi olmadı. Nəticədə bu gün soğan əkən fermer zülm çəkir, torpağa qoyduğu vəsaiti belə geri ala bilmir. Dövlət qurumları yardımçı və xidmətçi funksiyasını yerinə yetirmədikcə, fermer öz taleyi ilə baş-başa qalır.
Şəbəkə marketlərin inhisarı və "Tarladan süfrəyə" xəttinin yoxluğu
Problemin digər tərəfi satış zəncirinin düzgün qurulmamasıdır. İllərdir müzakirə olunan "tarladan süfrəyə" prinsipi hələ də kağız üzərində qalır. Bu gün bir tərəfdə fermer məhsulunu maya dəyərindən aşağı qiymətə sata bilmədiyi üçün tarlada çürüdür, digər tərəfdə isə paytaxtın şəbəkə marketlərində soğan dəfələrlə baha qiymətə satılır. Niyə fermer öz məhsulunu birbaşa marketlər şəbəkəsinə təqdim edə bilmir? Aradakı möhtəkir və vasitəçi qrupların varlığı həm istehsalçını, həm də istehlakçını vurur. Halbuki hökumət cəmi 2-3 doğru qərardan ibarət mexanizm qurmaqla fermerlərin birbaşa satış kanallarını aça bilərdi. Loqistika və anbar infrastrukturunun zəifliyi fermeri məhsulu elə sahədəcə dəyər-dəyməzinə satmağa məcbur edir.
2027-ci il üçün gözlənilən bahalıq...
İqtisadiyyatın qanunudurr: bu günün kəskin ucuzlaşması sabahın kəskin bahalaşmasının anonsudur. Bu il əli yanan, borca düşən və ziyan edən fermer gələn il riskə girməyəcək və soğan əkməkdən imtina edəcək. Bu isə uzağı 2027-ci ildə bazarda soğan qıtlığının yaranmasına və qiymətlərin yenidən astronomik həddə çatmasına səbəb olacaq. Təəssüf ki, aqrar sektor hər bir neçə ildən bir təkrarlanan bu "qiymət yelləncəyi"ndə yellənməyə məhkum edilib. Sistemi "əl ilə" idarə etmək, strateji planlaşdırma əvəzinə gündəlik problemləri yanğınsöndürmə rejimində həll etməyə çalışmaq sektoru dalana dirəyib. Əgər yaxın zamanlarda kənd təsərrüfatında elmi əsaslara söykənən plan-proqram tətbiq olunmasa, biz hələ çox "soğan dramı" izləməli olacağıq.




