Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bu gün Azərbaycanın ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
AFN.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb, lakin müharibə təhsilini başa çatdırmağa imkan verməyib.
1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlib. 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik etməyə başlayıb. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Heydər Əliyev 1987-ci ildə Mixail Qorbaçovun siyasi xəttinə etiraz olaraq istefa verib. 1990-cı ilin 20 yanvar faciəsindən sonra Moskvadakı nümayəndəlikdə kəskin bəyanatla çıxış edərək cinayətkarların cəzalandırılmasını tələb edib.
1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçilib. Həmin il oktyabrın 3-də isə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib və dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.




