Tramp: İranla atəşkəs rejiminin vəziyyəti kritikdir
ABŞ Prezidenti Donald Tramp İranla müharibəni dayandırmaq üçün "tarixin ən yaxşı planı"na malik olduğunu bəyan edərək, Tehranın qarşı tərəfə təqdim etdiyi təklifləri "tamamilə qəbuledilməz" adlandırıb.
AFN.az xəbər verir ki, Tramp istənilən sazişin İranın nüvə proqramını dayandırmaq barədə rəsmi öhdəliyini özündə əks etdirməli olduğunu deyib.
"Mənim əsas planım ondan ibarətdir ki, onların nüvə silahı olmayacaq. Onların məktubunda isə bu barədə heç nə deyilməyib", - deyə ABŞ lideri vurğulayıb.
Tramp İran rəhbərliyində həm "mötədillərin", həm də "çılğınların" olduğunu qeyd edib. O, mötədillərin saziş bağlamaq tərəfdarı olduğunu, lakin radikal qanaddan çəkindiklərini bildirib.
ABŞ prezidenti ABŞ və İran arasında bir aydır davam edən atəşkəs rejiminin hazırda "kritik vəziyyətdə" olduğunu deyib: "Formal olaraq atəşkəs saxlanılsa da, bu rejim inanılmaz dərəcədə zəifdir".
