Trampı öldürməyə cəhd edən şəxs özünü günahkar saymır


Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı atəş açmaqda təqsirləndirilən Koul Allen Vaşinqton federal məhkəməsində özünü təqsirli bilməyib.

AFN.az "The Post"a istinadən xəbər verir ki, 31 yaşlı Allenə qarşı ABŞ prezidenti Donald Trampı öldürməyə cəhd, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum və zorakı cinayət törətmək üçün odlu silahdan istifadə maddələri ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, hadisə aprelin 25-də "Washington Hilton" otelində, prezident Trampın və kabinet üzvlərinin iştirak etdiyi illik təntənəli tədbir zamanı baş verib. İstintaqın məlumatına görə, Allen Məxfi Xidmət agentinə atəş açsa da, zirehli jilet əməkdaşı xilas edib və hücumçu dərhal zərərsizləşdirilib.

Müttəhimin vəkilləri iddia edirlər ki, administrasiyanın yüksək vəzifəli şəxslərinin tədbirdə iştirakı prokurorluğun prosesə qeyri-obyektiv yanaşmasına səbəb ola bilər. Bu əsasla müdafiə tərəfi baş prokuror vəzifəsini icra edən Todd Blanşın və Kolumbiya dairə prokuroru Canin Pirronun işdən kənarlaşdırılmasını tələb edir.

Hakim Trevor Makfadden növbəti məhkəmə iclasını iyunun 29-na təyin edib. Hazırda istintaq hücumun motivlərini və əlavə ittihamların irəli sürülməsi ehtimalını araşdırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu