Aİ və Suriya arasında hərtərəfli ticarət əməkdaşlığı yenidən başlayır
Avropa İttifaqı (Aİ) Şurası Aİ-Suriya Əməkdaşlıq Sazişinin tam tətbiqini yenidən qüvvəyə mindirmək barədə mühüm qərar qəbul edib.
AFN.az xəbər verir ki, bu addımla Suriya ilə Aİ arasındakı genişmiqyaslı ticarət əlaqələri rəsmi olaraq bərpa edilir.
Aİ Şurası bu gün Avropa İqtisadi Birliyi ilə Suriya arasındakı Əməkdaşlıq Sazişinin qismən dayandırılmasına son qoyan qərarı təsdiqləyib. Qurum tərəfindən yayımlanan bəyanatda bu addımın Avropa İttifaqı ilə Suriya arasındakı ikitərəfli münasibətlərin gücləndirilməsində həlledici mərhələ olduğu vurğulanıb.
Bəyanatda qeyd olunur ki, sözügedən qərar Aİ-nin Suriyada dinc və inklüziv keçid prosesini dəstəkləmək, eləcə də ölkənin sosial-iqtisadi dirçəlişini asanlaşdırmaq istiqamətindəki genişmiqyaslı siyasətinə tam uyğundur.
Bu qərar həm də Aİ-nin Suriya ilə yenidən əlaqələr qurmaq və ölkənin iqtisadi bərpasını dəstəkləmək mövzusundakı qətiyyətinə dair açıq bir siyasi mesaj xarakteri daşıyır. Aİ ilə Suriya arasındakı iqtisadi və ticarət əlaqələrinin hüquqi çərçivəsini formalaşdıran Əməkdaşlıq Sazişi hələ 1977-ci ildə imzalanmışdı.
Lakin Suriyada Bəşər Əsəd rejiminin həyata keçirdiyi ciddi insan hüquqları pozuntuları səbəbindən bu saziş 2011-ci ildə qismən dayandırılmış, 2012-ci ildə isə bu məhdudiyyətlərin miqyası daha da genişləndirilmişdi.
Əsəd rejiminin 2024-cü ilin dekabr ayında devrilməsindən sonra yaranan yeni siyasi reallıqlar münasibətlərin normallaşmasına yol açıb. Aİ Şurasının 2025-ci ilin may ayında Suriyaya qarşı tətbiq edilən və yalnız təhlükəsizlik əsaslı olanlar istisna olmaqla digər sanksiyaları ləğv etməsindən sonra ticarət əlaqələrindəki qadağaların tamamilə aradan qaldırılması gündəmə gəlmişdi.
Bu son qərarla birlikdə Suriya iqtisadiyyatının beynəlxalq bazarlara yenidən inteqrasiyası istiqamətində ən böyük maneələrdən biri dəf edilib.

