Aİ Suriyaya qarşı sanksiyaları dayandırıb

Avropa İttifaqı Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaları dayandırıb.
Avropa Şurası üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyalarla bağlı qəbul etdiyi qərarları açıqlayıb.
Bəyanatda Aİ ölkələrinin Suriyadakı vəziyyəti nəzərə alaraq bir sıra məhdudlaşdırıcı tədbirləri dayandırmaq qərarına gəldiyi və bu qərarın Aİ-nin Suriyada əhatəli siyasi keçid, iqtisadi dirçəliş, yenidənqurma və sabitliyi dəstəkləmək səylərinin bir hissəsi olduğu bildirilib.
Açıqlamada enerji, nəqliyyat, maliyyə və bankçılıq kimi sektorlarda əməliyyatların asanlaşdırılacağı, neft, qaz və elektrik enerjisi də daxil olmaqla enerji və nəqliyyat sektorlarında tədbirlərin dayandırılması ilə bağlı qərarın verildiyi bildirilib.
Suriyadakı Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı, Kənd Təsərrüfatı Kooperativ Bankı və Suriya Ərəb Hava Yollarının sanksiya siyahısından çıxarılacağı, Suriya Mərkəzi Bankının vəsait və iqtisadi qaynaqlar təmin etməsinə icazə veriləcəyi bildirilib.
Açıqlamada Aİ bankları ilə Suriya bankları və maliyyə qurumları arasında bank əlaqələrinin qurulmasına qadağaya müəyyən istisnaların ediləcəyi, xüsusilə enerji və nəqliyyat sektorlarında, eləcə də humanitar və yenidənqurma məqsədləri ilə əməliyyatlara icazə veriləcəyi qeyd edilib.
Sanksiyalardan humanitar azadlığın qeyri-müəyyən müddətə uzadılacağı, şəxsi istifadə üçün dəbdəbəli malların Suriyaya ixracına qoyulan qadağanın aradan qaldırılacağı bildirilib.
Bildirilib ki, Aİ Şurası bu məsələ ilə bağlı işini davam etdirəcək və bundan sonra iqtisadi sanksiyaların dayandırıla biləcəyini qiymətləndirəcək və ölkədəki vəziyyət diqqətlə izləniləcək.
Bəyanatda kimyəvi silah və qeyri-qanuni narkotik ticarəti, silah ticarəti kimi müxtəlif sahələrdə AB sanksiyalarının davam etdiyi, alınan yeni qərarlarla bağlı hüquqi tənzimləmələrin AB Rəsmi Qəzetində dərc olunduqdan sonra sabah qüvvəyə minəcəyi bildirilib.
Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları vətəndaş müharibəsinin başlamasından sonra 2011-ci ilin mayında başlayıb.