Putin: Rusiya-Çin strateji ittifaqı qlobal arenada mühüm rol oynayır
Rusiya Prezidenti Vladimir Putin yaxın Rusiya-Çin strateji ittifaqının qlobal arenada mühüm və sabitləşdirici rol oynadığını bildirərək, “Biz heç kimə qarşı ittifaq qurmuruq, əksinə, sülh və ümumi rifah üçün çalışırıq” deyib.
AFN.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Putin Çinə rəsmi səfəri öncəsi videomüraciət vasitəsilə Çin xalqına müraciət edib.
Pekini bir daha ziyarət etməkdən məmnunluq duyduğunu dilə gətirən Putin qarşılıqlı müntəzəm səfərlərin və yüksək səviyyəli Rusiya-Çin danışıqlarının iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək və onların limitsiz potensialını ortaya çıxarmaq üçün göstərilən ortaq səylərin vacib bir hissəsi olduğunu vurğulayıb.
25 il əvvəl Rusiya və Çinin “Yaxşı qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsi” imzaladığını xatırladan Putin “Bu gün Rusiya-Çin münasibətləri həqiqətən də görünməmiş bir səviyyəyə çatıb” dəyərləndirməsini edib.
Rusiya və Çinin gələcəyə inamla baxdığını, siyasət, iqtisadiyyat və müdafiə sahələrində aktiv təmaslar inkişaf etdirdiyini bildirən Putin, iki ölkənin ikitərəfli əməkdaşlığı dərinləşdirmək və ölkələrin hərtərəfli inkişafını dəstəkləmək üçün birgə çalışdığını xüsusilə qeyd edib.
Putin Çin dövlət başçısı Si Cinpinin Rusiya ilə uzunmüddətli əməkdaşlığa olan bağlılığını səmimiyyətlə təqdir etdiyini söyləyərək, “Yaxşı və dostyana təmaslarımızın gələcəyə dair ən iddialı planları müəyyən etməyimizə və onları həyata keçirməyimizə kömək etdiyinə inanıram” deyə bildirib.
Rusiya-Çin ticarət dövriyyəsinin 200 milyard dolları çoxdan aşaraq artmağa davam etdiyinə diqqət çəkən Putin, demək olar ki, bütün qarşılıqlı ödənişlərin rubl və yuanla aparıldığını xatırladıb.
Putin iki ölkə arasındakı əməkdaşlığın əsas sahələrində mühüm təşəbbüslərin reallaşdırıldığını qeyd edib.
Rusiya və Çin xalqlarının bir-birinə daha da yaxınlaşmasını istədiklərini dilə gətirən Putin, bu səbəbdən iki ölkə arasındakı səyahətlərdə qarşılıqlı vizasız rejimə keçildiyini xatırladıb.
İki ölkə arasındakı ittifaqın əhəmiyyətindən danışan Putin, “Yaxın Rusiya-Çin strateji ittifaqı qlobal arenada mühüm və sabitləşdirici rol oynayır. Eyni zamanda, biz heç kimə qarşı ittifaq qurmuruq, əksinə, sülh və ümumi rifah üçün çalışırıq” ifadələrini işlədib.
Bu ruhla Moskvanın və Pekinin beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarını tam şəkildə müdafiə etdiklərini qeyd edən Putin, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və digər çoxtərəfli strukturlar vasitəsilə aktiv əməkdaşlığı davam etdirərək, təcili qlobal və regional problemlərin həllinə iki ölkənin birgə mühüm töhfə verdiyini sözlərinə əlavə edib.
