ABŞ-Kuba gərginliyi artır



ABŞ dövlət katibi Marko Rubio Kubanın ABŞ üçün bir milli təhlükəsizlik təhdidi yaratdığını və sülhməramlı bir razılaşma ehtimalının yüksək olmadığını bildirib.

AFN.az xəbər verir ki, Rubionun bu açıqlamaları ABŞ-ın Kubanın keçmiş dövlət başçısı Raul Kastronu 1996-cı ildə iki təyyarənin vurulması və ABŞ vətəndaşlarının həyatını itirməsi ilə bağlı qətldə ittiham etməsindən bir gün sonraya təsadüf edib.

Rubio Vaşinqtonun seçiminin diplomatik həll olduğunu qeyd etsə də, Prezident Donald Trampın ölkəsini hər cür təhdidə qarşı qorumaq hüququ və öhdəliyi olduğunu vurğulayıb.

Kuba xarici işlər naziri Bruno Rodriges isə Rubionu yalan danışmaqda ittiham edərək, adanın ABŞ üçün heç vaxt təhdid yaratmadığını ifadə edib.

Cümə axşamı jurnalistlərə açıqlamalarında Rubio Kuba ilə diplomatiyanın hələ də prioritet seçimləri olduğunu dilə gətirsə də, mövcud hakimiyyətlə razılığa gəlmək ehtimalının aşağı olduğunu əlavə edib.

Rubio həmçinin Kubanı bölgədəki terrorun əsas dəstəkçilərindən biri olmaqda ittiham edib.

Kuba xarici işlər naziri Rodriges sosial media hesabı üzərindən bu iddiaları qəti şəkildə rədd edərək, ABŞ hökumətini hərbi təcavüzü qızışdırmağa çalışmaqda və ölkəsinə sistematik olaraq hücum etməkdə günahlandırıb.

Qeyd edək ki, Kuba ABŞ-ın neft blokadası səbəbindən ciddi yanacaq böhranı yaşayarkən, Tramp administrasiyası da bir razılaşma əldə etmək üçün Havana üzərindəki təzyiqi artırır.

Adada son aylarda uzunmüddətli elektrik kəsilmələri və ərzaq qıtlığı müşahidə olunur.

Rubio Kubanın ABŞ tərəfindən təklif edilən 100 milyon dollarlıq humanitar yardımı qəbul etdiyini bildirib.

Keçmiş Kuba lideri Raul Kastro ilə bağlı ittihamlardan sonra, hökumətin Kastronu mühakimə etmək üçün ABŞ-a necə gətirəcəyi sualına cavab verən Rubio bu mövzudakı planları media ilə paylaşmayacağını bildirib.

Mayamidə ittihamları açıqlayan ədliyyə naziri vəzifəsini icra edən Todd Blanç isə Kastronun öz istəyi ilə və ya başqa bir şəkildə ABŞ-a gəlməsini gözlədiklərini bəyan edib.

Digər tərəfdən Rubio, Kuba iqtisadiyyatının böyük hissəsini idarə edən hərbi holdinqin yüksək vəzifəli şəxslərindən birinin bacısı olan Adis Lastres Moreranın Floridada nəzarətə alındığını və deportasiya edilmək üçün həbsdə saxlanıldığını elan edib.

Ağ Evdə danışan Tramp Kubanı uğursuz bir ölkə olaraq xarakterizə edərkən, humanitar əsaslarla yardım etməyə çalışdıqlarını iddia edib.

Tramp Kuba əsilli amerikalıların öz ölkələrinə qayıdıb Kubanın uğurlu olmasına kömək etmək istədiklərini bildirərək, digər prezidentlərin uzun illərdir bu mövzuda bir şeylər etməyi düşündüklərini, lakin bunu reallaşdıracaq şəxsin özü olacağını ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu