Rutte Trampın “Polşaya əlavə 5 min hərbçi” açıqlamasını məmnuniyyətlə qarşıladı
NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Polşaya əlavə 5 min hərbçi göndərmək qərarını məmnuniyyətlə qarşıladığını bildirib.
AFN.az xəbər verir ki, Rutte İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının gedişində mətbuata açıqlamalar verib.
“Bu gün diqqət mərkəzimiz böyük ölçüdə Ankara Zirvəsi olacaq” deyən Rutte, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsinin gündəliyini hər hansı bir düşmənə qarşı caydırıcı olmaq və özümüzü müdafiə etmək üçün maliyyə vəsaitinin mövcudluğuna əmin olmaq kimi xülasə edib.
Müttəfiqlərin müdafiə xərclərini artırdığını qeyd edən Rutte, “Pul əladır, amma biz onu xərcləməliyik” deyərək müdafiə sənayesi istehsalına diqqət çəkib.
Baş katib Ankarada müzakirə ediləcək digər bir mövzunun da Ukraynanı mübarizədə saxlamaq olacağını söyləyib.
Rutte xarici işlər nazirlərinin Helsinqborqdakı əsas iclasda İran da daxil olmaqla Yaxın Şərqlə bağlı bütün prosesləri müzakirə edəcəklərini bildirib.
Son iki ayda Avropa hökumətlərinin ABŞ bazalarının istifadəsi ilə bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə edən Rutte, Rumıniya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, İtaliya, İngiltərə, Fransa və Almaniyanın bu istiqamətdə addımlar atdığını qeyd edib.
Rutte Hörmüz boğazı ilə bağlı da Avropa ölkələrinin mina təmizləmə avadanlıqları, gəmilər və pilotsuz sistemləri bölgəyə yaxın yerləşdirdiyini deyib.
“Beləliklə, növbəti mərhələdə Avropa müttəfiqləri olaraq ABŞ-a maksimum dərəcədə kömək edə bilərik və burada məsələ Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi üçün əlimizdən gələni etməkdir” deyə o bildirib.
Rutte Trampın Polşaya əlavə 5 min hərbçi göndərilməsi ilə bağlı açıqlamasına dair isə “Komandirlərimiz bütün detallar üzərində işləyirlər, lakin əlbəttə ki, bunu məmnuniyyətlə qarşılayıram. Amma açıq şəkildə bildirək ki, izlədiyimiz yol daha güclü bir Avropa və daha güclü bir NATO-dur” deyib.
Onun sözlərinə görə, bu proses zamanla Avropanın ABŞ-dan asılılığını azaltmağa yönəlib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Polşa və Almaniyadakı Amerika hərbçilərinin sayının azaldılması imkanını gündəmə gətirmişdi.
