İsveç 13 yaşındakı cinayətkarları həbs etmək planından imtina edib
İsveç parlamentdə kifayət qədər dəstək qazanmadığı üçün ağır cinayətlər törədən 13 yaşlı uşaqların həbsxanaya göndərilməsini nəzərdə tutan qanun layihəsini ləğv edib.
AFN.az xəbər verir ki, ölkədə son dövrlərdə uşaqların zorakı cinayətkar dəstələr tərəfindən öz sıralarına cəlb edilməsi ciddi problemə çevrilib.
Ədliyyə naziri Qunnar Strömmer ötən il 15 yaşından kiçik 50-dən çox uşağın qətl və ya qətlə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarıldığını bəyan edib.
Krallıqdakı mərkəz-sağ hökuməti bu mənfi tendensiyanın qarşısını almaq üçün ilkin mərhələdə cinayət məsuliyyətinə cəlb olunma yaş həddini mövcud 15-dən 13-ə endirməyi hədəfləsə də, siyasi konsensus əldə olunmadığı üçün yaş həddinin 14-ə endirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlamaq qərarına gəlib.
Strömmer cinayət məsuliyyəti yaşının aşağı salınması sayəsində daha ədalətli və mütənasib sanksiyaların tətbiq edilə biləcəyini, həmçinin yeniyetmələrin reabilitasiyası üçün indikindən daha əlverişli şəraitin yaradılacağını bildirib.
Hazırkı qanunvericiliyə görə, zorakı cinayətlər törətmiş 15 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmuş xüsusi islah evlərinə göndərilirlər.
Nazir isə mövcud təcrübənin məhkumların gələcəkdə yenidən cinayət törətməsinə rəvac verdiyini vurğulayıb.
İsveç hökuməti sentyabr ayında keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində cinayət məsuliyyəti yaşını iki il əvəzinə bir il azaltmağa çalışır.
Hazırda fəaliyyət göstərən səkkiz həbsxanaya azyaşlıları yetkinlik yaşına çatmış məhkumlardan tamamilə ayrı saxlamaq məqsədilə xüsusi korpuslar hazırlamaq tapşırığı verilib.
Strömmer jurnalistlərə müsahibəsində bu tədbirlərin əsas məqsədinin cəmiyyəti həyati təhlükə yaradan cinayətlərdən qorumaq və əksəriyyəti elə uşaqların özləri olan zərərçəkmişləri mühafizə etmək olduğunu qeyd edib.
Təklif olunan islahatlara etiraz edən İsveçin uşaq hüquqları təşkilatı "Bris"in baş katibi Mariya Frisk isə gənclər evlərinin şəraitinin yaxşılaşdırılmasının daha effektiv olacağını müdafiə edərək, yaş həddinin 14-ə endirilməsinin vəziyyəti müsbətə doğru dəyişəcəyinə dair heç bir elmi və ya statistik göstəricinin olmadığını iddia edib.
Lakin bu yanaşmaya qarşı çıxan mütəxəssislər son illərdə həmin gənclər evlərinin böyük ölçüdə cinayət şəbəkələri üçün yeni kadr toplama mərkəzlərinə çevrildiyini diqqətə çatdırırlar.
İsveç Milli Cinayətkarlığın Qarşısının Alınması Şurasının (Bra) hesabatına əsasən, on il əvvəl ölkədə 87 olan qətl hadisələrinin sayı 2023-cü ildə 121-ə yüksəlsə də, 2024-cü ildə bu rəqəm yenidən geriləyərək 92-yə düşüb.

