Kanada məhkəməsi Parteyin viza etirazını rədd edib



Kanada Federal Məhkəməsi Qana milli futbol komandasının oyunçusu Tomas Parteyin Kanadaya girişinə icazə verilməməsi qərarından etdiyi şikayəti rədd edib.

AFN.az xəbər verir ki, məhkəmə Qana hökumətinin Parteyə Kanadada keçirilən 2026-cı il FİFA Dünya Çempionatı çərçivəsində müvəqqəti giriş icazəsi verilməsi və yeni viza müraciəti edə bilməsinə şərait yaradılması ilə bağlı xahişini qəbul etməyib.

Qana millisinin baş məşqçisi Karlos Keyroş isə Torontoda təşkil etdiyi mətbuat konfransında Parteyin vəziyyəti ilə bağlı açıqlama verməkdən yayınıb.

Bu məsələyə münasibət bildirməyinə ehtiyac olmadığını qeyd edən Keyroş Panama ilə qarşılaşmanın qrupdakı hədəfləri baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qana, İngiltərə, Xorvatiya və Panamanın yer aldığı L qrupundakı ilk oyununu Torontodakı "BMO Field" stadionunda Panamaya qarşı keçirəcək.

Qeyd edək ki, Kanada rəsmiləri Böyük Britaniyada barəsində davam edən cinayət işini əsas gətirərək Parteyin ölkəyə girişinə icazə verməmişdi.

Bunun ardınca Qana hökuməti Kanada Federal Məhkəməsinə müraciət edərək futbolçunun Dünya Çempionatı müddətində müvəqqəti olaraq ölkəyə daxil ola bilməsi və yeni viza müraciəti etməsi üçün imkan yaradılmasını tələb etmişdi.

Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva da Parteyin Kanada vizası ala bilməsi üçün diplomatik səylərin davam etdirildiyini açıqlamışdı.

Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Departamenti isə böyük idman tədbirlərinə ev sahibliyi etməyin ölkənin immiqrasiya qanunvericiliyini dəyişdirmədiyini, Kanadaya daxil olmaq istəyən hər kəsin qüvvədə olan hüquqi tənzimləmələr çərçivəsində fərdi şəkildə qiymətləndirildiyini bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu