Cənubi Koreya mülki şəxslər üçün sərhəd məhdudiyyətlərini yüngülləşdirəcək
Cənubi Koreyanın Koreyalararası sərhəddə yerləşən və hərbi nəzarət altında olan bölgədə mülki şəxslərin gediş-gəlişinə qoyulan məhdudiyyətləri azaldacağı bildirilib.
AFN.az xəbər verir ki, "Yonhap" agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın Müdafiə naziri Ahn Gyu-bak mövzu ilə bağlı açıqlama verib.
Ahn iki Koreyanın sərhəd xətti olan Hərbi Demarkasiya Xəttindən 10 kilometr cənuba qədər uzanan və bufer zona xarakteri daşıyan Mülki Nəzarət Xəttinin (CCL) orta hesabla 6 kilometrə qədər azaldılacağını bəyan edib.
Mülki Nəzarət Xəttinin mülki şəxslərin girişini məhdudlaşdırmaq və hərbi əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə qurulduğunu qeyd edən Ahn gələcək təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün bu xəttə yönəlmiş tənzimləmə planı hazırladıqlarını diqqətə çatdırıb.
Müdafiə Nazirliyi də plan çərçivəsində "Nəzarət Olunan Mühafizə Zonası" kimi təsnif edilən Mülki Nəzarət Xəttinin "Məhdudlaşdırılmış Mühafizə Zonası" statusuna keçiriləcəyini bildirərək, bunun da müvafiq qurumların icazəsi ilə torpaqların inkişafı və tikinti fəaliyyətlərinə imkan yaradacağını açıqlayıb.
Sözügedən planın yekunlaşdırılmasından sonra mərhələli şəkildə tətbiq olunacağı qeyd edilib.

