Körfəz ölkələri dəmir yolu xətlərinin inkişaf etdirilməsini müzakirə ediblər



Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin nəqliyyat və rabitə nazirləri növbədənkənar iclasda bir araya gələrək regional logistik inteqrasiyanın gücləndirilməsi və üzv dövlətlər arasında dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi məsələlərini dəyərləndiriblər.

AFN.az xəbər verir ki, Oman rəsmi xəbər agentliyi "ONA"-nın yaydığı məlumata görə, Omanın da qatıldığı KƏŞ Nəqliyyat və Rabitə Nazirləri Komitəsinin 19-cu növbədənkənar iclası video-konfrans formatında təşkil olunub.

Toplantıda Körfəz ölkələrində nəqliyyat və logistika sektorunun qarşılaşdığı çətinliklər və mövcud imkanlar nəzərdən keçirilib, həmçinin üzv ölkələr arasında vahid dəmir yolu şəbəkəsi vasitəsilə inteqrasiyanın artırılmasına yönəlmiş layihələr müzakirə edilib.

İclas çərçivəsində gələcəyə yönəlik fəaliyyət planları və ticarət dövriyyəsinə mənfi təsir göstərə biləcək potensial risklərə qarşı tədarük zəncirlərinin gücləndirilməsi istiqamətində addımlar atılması qərara alınıb.

Bundan əlavə, quru, dəniz və hava daşımalarında davamlılığın təmin olunması, yük daşımalarının kəsintisiz davam etdirilməsi və kritik sektorların dəstəklənməsi üçün yeni layihələrin hazırlanmasının vacibliyi xüsusi vurğulanıb.

Hörmüz boğazında yaşanan böhrandan sonra regionun tədarük zəncirində yaranan axsamalar Körfəz ölkələrini dəniz yollarından asılılığı azaldacaq alternativ nəqliyyat variantlarına yönəldib.

Bu çərçivədə Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında qısa müddət əvvəl nəqliyyat, logistika və dəmir yolu sistemləri sahəsində əməkdaşlığa dair imzalanan iki memorandumdan sonra Körfəz regionunda da dəmir yolu layihələrinin icrasının sürətləndirilməsi hədəflənir.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu