Hakan Fidan: Rusiya ilə əməkdaşlığı gücləndirmək üçün birgə səylərimizi davam etdirəcəyik
Xarici işlər naziri Hakan Fidan sosial media hesabında Rusiyaya etdiyi ikigünlük rəsmi səfəri ilə bağlı paylaşım edib.
AFN.az xəbər verir ki, nazir Moskva və Kazanda baş tutan çoxsaylı görüşlərin Türkiyə ilə Rusiya arasındakı münasibətləri hərtərəfli nəzərdən keçirməyə imkan yaratdığını bildirib və rusiyalı həmkarı Sergey Lavrov başda olmaqla bu mühüm səfərin təşkilində əməyi keçən bütün rəsmilərə təşəkkürünü çatdırıb.
Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edildiyi zaman Prezident Rəcəb Tayyib Ərdoğanın mesajlarını çatdırdığını qeyd edən Fidan, Rusiyanın dövlət başçısının regional mövzulara dair qiymətləndirmələrini dinləmək fürsəti tapdıqlarını ifadə edib.
Nazir Fidan Sergey Lavrovla apardıqları genişmiqyaslı məsləhətləşmələrdə, həmçinin Putinin köməkçiləri İqor Levitin və Rusiya-Ukrayna danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski, "Rosneft" rəhbəri İqor Seçin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (GRU) rəisi İqor Kostyukov ilə keçirdiyi görüşlərdə ikitərəfli əməkdaşlıq potensialını və regional məsələləri müzakirə etdiklərini vurğulayıb.
Türkiyə olaraq Rusiya ilə Ukrayna arasındakı müharibənin diplomatiya masası arxasında başa çatmasını arzuladıqlarını qeyd edən Fidan, növbəti danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, hər cür dəstəyi verməyə hazır olduqlarını bir daha qeyd edib.
Cənubi Qafqazda sülh və rifahın bərqərar olması istiqamətindəki səylərə Türkiyənin dəstəyini yenidən bəyan edən nazir, bu xüsusda "3+3" Regional Əməkdaşlıq Platformasının mühüm potensiala malik olduğunu vurğulayıb.
Moskvada türkiyəli iş adamları ilə də görüşdüyünü bildirən Fidan, onların Türkiyə-Rusiya tərəfdaşlığının yeni üfüqlərə daşınması ilə bağlı baxış və gözləntilərini dinlədiyini ifadə edib.
Səfər çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) ona fəxri doktorluq dərəcəsinin təqdim edilməsi mərasiminə qatıldığını deyən nazir, layiq görüldüyü bu ada görə müvafiq Rusiya rəsmilərinə minnətdarlığını bildirib.
Fidan Türkiyə ilə Rusiya arasındakı əlaqələrin köklərinin tarixə dayandığını, bu gün isə Ərdoğan və Putinin ortaya qoyduqları iradə ilə yanaşı, güclü iqtisadi tərəfdaşlıq və humanitar bağlar üzərində yüksəldiyini, bu tərəfdaşlığın beynəlxalq təhlükəsizlik, sabitlik və rifah baxımından kritik əhəmiyyət kəsb etdiyini bəyan edib.
Nazir iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək üçün birgə səylərin qətiyyətlə davam etdiriləcəyini əlavə edib.

