Fransanın yanğınlarla mübarizəsi davam edir
Fransanın Yuxarı Alplar, Vande, Yuxarı Korsika, Atlantik Luara və Var vilayətlərindəki yanğınların söndürülməsi istiqamətində işlər fasiləsiz sürdürülür.
AFN.az xəbər verir ki, Fransanın "Meteo-France" meteorologiya agentliyi bu gün üçün Od, Qar, Buş-dü-Ron, Var və Voklyuz vilayətlərində çox yüksək, əksəriyyəti ölkənin cənub hissəsində yerləşən 30 vilayətdə isə yüksək yanğın riski həyəcanı elan edib.
Yerli mətbuatda yer alan xəbərlərə görə, ölkənin cənub-şərqindəki Yuxarı Alplar vilayətində dünən günortadan sonra başlayan yanğınların qarşısını almaq üçün səylər davam etdirilir. Vilayətin Arjantyer-la-Bess və Freissinyer qəsəbələrinin meşəlik ərazilərini əhatə edən yanğında 50 hektardan çox sahə yanıb.
Var vilayətinin Tarado şəhərində də qısa müddətdə geniş əraziyə yayılan yanğına 350-dən çox yanğınsöndürən və onlarca texnika ilə havadan və qurudan müdaxilə edilir.
Təxminən 200 hektar ərazinin külə döndüyü yanğın bu gün nəzarət altına alınsa da, söndürmə əməliyyatları davam edir.
Fransanın Korsika adasında yerləşən Yuxarı Korsika vilayətinin Albertatçe və Korte bölgələrindəki yanğınları söndürmək üçün 250-dən çox yanğınsöndürən səfərbər olunub, bu yanğınlarda ümumilikdə 570 hektar sahə yanaraq məhv olub.
Ölkənin qərbindəki Vande vilayətinə bağlı Sabl-d'Olon və Sen-Jan-de-Mon istirahət məkanlarında dünən axşam saatlarında baş verən yanğınlar səbəbindən 3 minə yaxın insan təxliyə edilib. Təxminən 140 yanğınsöndürmə əməkdaşının cəlb olunduğu yanğında 13 hektardan çox əkin sahəsi külə dönüb.
Nantz şəhərinin şimal-şərqində dünən axşam saatlarında bir avtomobilin alovlanması nəticəsində kamp ərazilərinə keçən yanğında 10 hektardan çox sahə sıradan çıxıb.
200-ə yaxın şəxsin təxliyə edildiyi yanğına 150-yə yaxın yanğınsöndürən və 45 texnika ilə müdaxilə olunur.
Ölkənin cənub-qərbindəki Jironda vilayətinin Bordo şəhərində yerləşən Bordo-Merinyak Hava Limanının ətrafındakı meşəlik ərazidə günorta saatlarından sonra yanğın başlayıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə yanğın səbəbindən aeroport ətrafında tüstü dumanının yüksəldiyi anlar əks olunub.
Fransanın Daxili İşlər naziri Loran Nunes Milli Məclisdə hökumətə ünvanlanan suallar sessiyasında Merinyak yanğınına müdaxilə zamanı 2 yanğınsöndürənin həlak olduğunu açıqlayıb.
Fransa hökumətindən dünən verilən bəyanatda ilin əvvəlindən bəri təxminən 40 min hektar ərazinin yandığı və bu göstəricinin 2025-ci ilin bütöv mövsümü boyunca qeydə alınan rəqəmi ötdüyü bildirilmişdi.
