Araşdırma: Döymə mürəkkəblərində bakteriya təhlükəsi var



ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılan genişmiqyaslı araşdırma qapalı və steril olduğu iddia edilən döymə və qalıcı makiyaj mürəkkəblərinin üçdə birində canlı bakteriyaların olduğunu ortaya qoyub. Mütəxəssislər insan sağlamlığı üçün təhlükə yaradan bu vəziyyətin istehsal prosesindəki nəzarət çatışmazlıqlarından qaynaqlandığını bildirirlər.

AFN.az xəbər verir ki, insanların minlərlə ildir bədənlərini bəzəmək üçün istifadə etdiyi döymə sənəti müasir sterilizasiya üsullarının inkişafına baxmayaraq ciddi gigiyena riski ilə üz-üzədir.

ABŞ Qida və Dərman İdarəsinin tədqiqatçılarının 2018-2024-cü illər arasında aparılmış dörd ayrı araşdırmanı birləşdirərək həyata keçirdiyi analiz döymə sektorunda sterilizasiya ilə bağlı təsəvvürləri ciddi şəkildə sarsıdıb.

Araşdırmaya cəlb edilən 259 ədəd açılmamış döymə və qalıcı makiyaj mürəkkəbi şüşəsinin 35,4 faizində canlı bakteriya koloniyaları aşkar edilib.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri qablaşdırmanın üzərində steril ifadəsinin olmasının qoruyuculuğu təmin etmədiyini göstərib.

Üzərində steril yazılan mürəkkəblərin 30,5 faizində bakteriya aşkar edildiyi halda belə bir iddia daşımayan məhsullarda bu göstərici 35,5 faiz olub.

Yerli və idxal məhsulları, eləcə də qalıcı makiyaj və ənənəvi döymə mürəkkəbləri arasında aparılan müqayisələrdə də oxşar şəkildə hər üç məhsuldan birində mikrobların olduğu müəyyən edilib.

Aparılan ətraflı genetik analizlər zamanı 94 müxtəlif bakteriya növü müəyyən edilib. Bu növlərin üçdə birinin insanlarda infeksiyaya səbəb ola biləcəyi qeyd olunub.

Aşkar edilən mikroblar arasında dəri infeksiyalarından daha ağır xəstəliklərə qədər müxtəlif problemlərə səbəb ola biləcək növlər yer alır.

Mütəxəssislər mürəkkəbin tərkibində canlı bakteriyaların olmasının hər vəziyyətdə mütləq infeksiya ilə nəticələnməyəcəyini, lakin istehsal və paylama mərhələlərində sterilizasiya standartlarının təcili şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu