Antibiotik qəbul edərkən qəhvə içmək zərərlidirmi?


Yeni bir araşdırmaya görə, gündəlik qəbul edilən qəhvə bəzi antibiotiklərin təsirini azalda bilər. Beynəlxalq bir qrup tərəfindən aparılan tədqiqatda Escherichia coli (E. coli) bakteriyasının kofeinə verdiyi reaksiyalar öyrənilib.

Tədqiqatçılar 94 müxtəlif kimyəvi maddəni sınaqdan keçirərək onların bakteriya hüceyrələrinə daxil olan və oradan çıxan maddələrə necə təsir etdiyini analiz ediblər.

Nəticələrdə kofeinin xüsusilə diqqət çəkdiyi vurğulanıb. Kofein bakteriyaların siprofloksasin kimi bəzi antibiotikləri daha az mənimsəməsinə səbəb olub.

Araşdırmada bu təsirin genetik tənzimləyici sistemlər vasitəsilə baş verdiyi və Rob adlı proteinin mühüm rol oynadığı müəyyən edilib.

Rob zülalının kofeinin səbəb olduğu dəyişikliklərin təxminən üçdə birində iştirak etdiyi və bu, antibiotiklərin hüceyrəyə daxil olmasını azaltdığı qeyd edilib.

Alimlər bildirirlər ki, bu hal tam mənada müqavimət yaranması deyil, amma aşağı səviyyəli antibiotik müqaviməti adlanan daha incə mexanizmlərin işə düşməsidir.

Belə təsirlər bakteriyaların sağ qalma şansını artırır və müalicələrin effektivliyini zəiflədə bilər.

Mütəxəssislər araşdırmanın laboratoriya şəraitində aparıldığını və insanlarda oxşar təsirin hansı ölçüdə görüləcəyinin hələlik məlum olmadığını xatırladıblar.

Bundan əlavə, bu təsirin Salmonella kimi digər bakteriyalarda müşahidə olunmadığı, yalnız bəzi növlərdə ortaya çıxdığı qeyd olunub.

Araşdırma nəticələri antibiotik müalicələrinin daha təsirli olması üçün bakteriyalardakı genetik və biokimyəvi mexanizmlərin daha ətraflı şəkildə xəritələndirilməsinin vacibliyini göstərir.

Tədqiqat PLOS Biology jurnalında dərc olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu