İndoneziyada 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 71-ə çatıb
İndoneziyada avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 71-ə yüksəlib.
AFN.az xəbər verir ki, “Antara”nın məlumatına görə, İndoneziya Milli Fəlakətlərin İdarəolunması Agentliyi (BNPB) ölkənin Flores bölgəsində baş verən zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
BNPB-nin Fəlakət Məlumatları Mərkəzinin rəhbər müavini Berton Panjaitan zəlzələdə ölənlərin sayının 71-ə yüksəldiyini bildirərək, “Hökumət adından həyatını itirənlərin yaxınlarına ən dərin başsağlığımızı çatdırırıq” ifadəsini işlədib.
Qeyd edək ki, İndoneziyanın Flores bölgəsində avqustun 15-də 7,7 bal gücündə zəlzələ baş verib. Ən güclüsü 6,2 bal olmaqla ən azı 235 afterşok qeydə alınıb.
Digər tərəfdən, Şimali Sumatra əyalətindəki Pematangsiantar şəhəri yaxınlığında 6,9 bal gücündə daha bir zəlzələ baş verib.
Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 1300-dən artıq evə qismən ziyan dəyib və təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Sürüşmələr Flores bölgəsi boyunca yaşayış məntəqələrini bir-birinə bağlayan təxminən 700 kilometrlik avtomobil yolunun bəzi hissələrini nəqliyyat üçün bağlayıb.

