İndoneziyada zəlzələdə ölənlərin sayı 53-ə çatıb
İndoneziyada avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 53 nəfərə yüksəlib.
AFN.az xəbər verir ki, səlahiyyətli şəxslər Flores bölgəsində baş verən zəlzələdən sonra aparılan işlər zamanı girişin çətin olduğu ərazilərdəki dağıntıların böyük hissəsinin təmizləndiyini və yolların yenidən nəqliyyat üçün açıldığını bildiriblər.
Səlahiyyətli şəxslər elektrik enerjisinin kəsilməsinin axtarış-xilasetmə fəaliyyətlərinə mane olduğunu diqqətə çatdıraraq, zəlzələdə ölənlərin sayının 53-ə yüksəldiyini, 135 nəfərin yaralandığını bildiriblər.
Şərqi Nusa Tenqqara əyalətinin qubernatoru Melki Laka Lena da açıqlamasında axtarış-xilasetmə, təxliyə, səhiyyə xidmətləri, sığınacaq, nəqliyyat və infrastruktur işlərini sürətləndirmək məqsədilə 14 günlük fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
İndoneziyanın Flores bölgəsində avqustun 15-də 7,7 bal gücündə zəlzələ baş verib. Ən güclüsü 6,2 bal olan ən azı 235 afterşok qeydə alınıb.
Digər tərəfdən, Şimali Sumatra əyalətindəki Pematangsiantar şəhəri yaxınlığında 6,9 bal gücündə daha bir zəlzələ baş verib.
Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 450 evə ziyan dəyib və təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Torpaq sürüşmələri Flores bölgəsi boyunca yaşayış məntəqələrini bir-birinə bağlayan təxminən 700 kilometrlik avtomobil yolunun bəzi hissələrini nəqliyyat üçün bağlamışdı.

