Kolumbiyada baş verən zəlzələdə ölənlərin sayı 169-a yüksəlib



Kolumbiyada dünən baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 169-a yüksəlib.

AFN.az xəbər verir ki, Kolumbiya Paytaxtlar Birliyindən (Asocapitales) ölkəni vuran 7,4 bal gücündə zəlzələdən sonra son vəziyyətlə bağlı açıqlama verilib.

Açıqlamaya görə, zəlzələdə ölənlərin sayı 169-a yüksəlib, 700-dən çox insan yaralanıb.

Yerli mediaya görə, zəlzələdə ən çox insan tələfatı və maddi ziyanın qeydə alındığı Pereyra, Kali, Kivdo, Manisales və Armeniya şəhərlərində qırmızı həyəcan siqnalı elan edilib və təhlükəsizlik səbəbilə küçəyə çıxmaq qadağan olunub.

Axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi şəhərlər arasında ən çox insan tələfatı 60 nəfərin öldüyü Pereyrada qeydə alınıb.

2 min 700 nəfərin itkin düşməsi ilə bağlı müraciət edilib, ölənlərin sayının daha da artacağından narahatlıq ifadə olunur.

Ölkənin üçüncü böyük şəhəri Kalidə zəlzələ səbəbilə bəzi yolların çökdüyü və 10 xəstəxananın fəaliyyət göstərə bilmədiyi bildirilərkən, paytaxt Boqota və Medelyindən axtarış-xilasetmə qrupları bölgəyə dəstək üçün göndərilib.

Kivdo və Manisalesdə isə zəlzələ su, elektrik enerjisi, telekommunikasiya və nəqliyyat xidmətlərində fasilələrə səbəb olub.

Kali şəhərinin meri Alexandro Eder mətbuata açıqlamasında təhlükəsizliyi təmin etmək və talançılıq hallarının qarşısını almaq məqsədilə küçəyə çıxmaq qadağasının tətbiq edildiyini bildirib. O, qərarın fövqəladə hallar və xilasetmə qruplarının işlərini daha təhlükəsiz və operativ şəkildə həyata keçirməsinə imkan yaratmaq üçün qəbul edildiyini deyib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Kolumbiyanın qərbində yerləşən San Xose del Palmar qəsəbəsindən təxminən 5 kilometr şərqdə olduğunu və zəlzələnin 7,4 bal gücündə qeydə alındığını açıqlamışdı.

Zəlzələ Kolumbiya ilə yanaşı Venesuela, Ekvador və Panamanın müxtəlif bölgələrində də hiss edilmişdi.

Venesuelada yerləşən Telesur internet saytının xəbərinə görə, Kolumbiyadakı zəlzələ səbəbindən Venesuelada bəzi binaların xarici hissələri qismən dağılıb, bir kafedral və hava limanı zərər görüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu