Starbucks-ın "şəkərsiz" içkiləri məhkəməlik oldu: İddia edilən şəkər miqdarı açıqlanıb
Starbucks bəzi içkilərinin şəkərsiz kimi təqdim edilməsinə baxmayaraq, bir paket şokolad qədər şəkər ehtiva etdiyi iddiası ilə bir qrup istehlakçının qaldırdığı federal məhkəmə işi ilə üzləşib.
AFN.az xəbər verir ki, Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında Starbucks-ın şəkərsiz proteinli içkilərini alan üç istehlakçının adından qaldırılan məhkəmə iddiasında vanil və karamel dadlı isti və soyuq proteinli lattelerin, eləcə də proteinli matcha içkilərinin hər porsiyada 13-21 qram arasında şəkər ehtiva etdiyi bildirilib.
Məhkəməyə təqdim edilən ərizədə heç bir ağlabatan istehlakçının şəkərsiz etiketi daşıyan məhsulda bu qədər şəkər olacağını gözləməyəcəyi qeyd edilərək, işin natamam qida məlumatlarından deyil, aldadıcı məhsul adlarından qaynaqlandığı vurğulanıb.
İstehlakçı hüquqları üzrə vəkil Stiv Berman insanların sağlamlıq, şəkərli diabet və ya qan şəkərinin səviyyəsi kimi müxtəlif səbəblərlə şəkərdən uzaq durduğunu bildirərək, belə aldadıcı etiketləmənin son dərəcə ciddi məsələ olduğunu qeyd edib.
Starbucks isə iddiaları rədd edərək istehlakçıları yanıltmadığını açıqlayıb. Şirkətin açıqlamasında proteinli içkilər, şəkərsiz seçimlər, fərdiləşdirmə üstünlükləri və qida tərkibi barədə menyularda, internet saytında və mobil tətbiqdə ardıcıl şəkildə məlumat verildiyi bildirilib.
Şirkət içkilərdəki şəkərin əlavə edilən şəkərdən deyil, məhsullarda istifadə olunan proteinlə zənginləşdirilmiş süddən qaynaqlandığını, şirinləşdirmə üçün isə şəkərsiz şərbətdən istifadə edildiyini bildirib.
Starbucks-ın internet saytında içkilərin şəkərsiz kimi təqdim edildiyi, eyni zamanda tərkibindəki şəkərin miqdarının göstərildiyi və onlara əlavə şəkər qatılmasının mümkün olmadığı barədə məlumatların yer aldığı qeyd edilib.
Qaldırılan məhkəmə iddiasında ABŞ üzrə bu içkiləri alan istehlakçılar üçün kompensasiya tələb olunur və məhkəmədən tərkibində şəkər olan məhsullarda şəkərsiz etiketindən istifadənin qadağan edilməsi istənilir.



