İspaniyada mənzil böhranı etirazlarından sonra təcili tədbirlər təsdiqləndi
Madriddə 87 yaşlı qadının evindən çıxarılması ilə kəskinləşən və ölkə üzrə yayılan mənzil böhranı etirazlarının Barselona mərhələsində baş verən zorakılıq hadisələrindən sonra İspaniya hökuməti təcili mənzil tədbirlərini təsdiqləyib.
AFN.az xəbər verir ki, Barselonada bazar ertəsi axşam minlərlə insanın iştirak etdiyi dinc yürüş radikal fəalların polislə toqquşması, daş atması və zibil konteynerlərini yandırması ilə müşayiət olunan zorakılıq hadisələrinə çevrilib.
Baş verən hadisələrdən sonra Baş nazir Pedro Sançesin hökuməti ötən cümə günü parlamentdə rədd edilən tədbirlərə bənzər təcili tədbirləri qüvvəyə mindirib.
Sançes bu qərardan sonra noyabrın 29-da növbədənkənar seçki keçirilməsi çağırışı edib.
Mənzil naziri İzabel Rodriqesin açıqladığı yeni tədbirlər çərçivəsində müdafiəyə ehtiyacı olan vətəndaşların evdən çıxarılmalara qarşı müdafiəsinin 2030-cu ilə qədər uzadılması, otaq kirayələrinin tənzimlənməsi, mövsümi kirayələrə yeni vergi tətbiq edilməsi, spekulyativ daşınmaz əmlak alışlarının qadağan olunması və ev sahiblərinə vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Avropanın dördüncü böyük iqtisadiyyatında güclü iqtisadi artıma baxmayaraq, artan xərclər və mənzil çatışmazlığı bir çox vətəndaşın ev sahibi olmasını çətinləşdirir. Etirazçılar kirayəçilər üçün daha güclü müdafiə və alternativ mənzil təmin edilə bilmədiyi hallarda evdən çıxarılmaların qadağan olunmasını tələb edirlər.

