Paramount və Warner Bros. 110 milyard dollarlıq nəhəng birləşmə ilə eyni çətir altında
Paramount Skydance Hollivud və media sektorunu kökündən dəyişdirəcək 110 milyard dollarlıq nəhəng sövdələşmə ilə Warner Bros Discovery-ni rəsmi olaraq bünyəsinə qatıb.
AFN.az xəbər verir ki, Los-Ancelesin iki ən böyük studiyasını bir araya gətirən satınalma rəqabətə zərər vura və istehlakçı qiymətlərini artıra biləcəyi ilə bağlı tənqidlərin ardından həyata keçirilib.
Yeni nəhəng əyləncə şirkəti David Ellisonun təsis etdiyi Skydance Corporation adı altında yenidən brendləşdirilib.
Sövdələşmə HBO, CBS, Nickelodeon, Showtime, Comedy Central, DC Studios və Food Network kimi çoxsaylı mühüm strukturları bir çatı altında birləşdirib. “Harri Potter”, “Taxt oyunları” və “Üzüklərin hökmdarı” kimi əfsanəvi seriyalar “İndiana Cons”, “Missiya: Mümkünsüz” və “Şrek” kimi Paramountun mövcud məşhur film kataloquna əlavə olunub.
Skydance şirkətinin baş icraçı direktoru David Ellison sövdələşmənin kino sənayesi üçün tarixi addım olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Tramp isə razılaşmanı müsbət qarşılayaraq bunun möhtəşəm insanların yer aldığı böyük bir şirkət olacağını bildirib.
Şirkətin gündəlik əməliyyatlarını Mattel şirkətinin keçmiş baş icraçı direktoru Ynon Kreiz idarə edir, strategiya və texnologiya sahəsinə isə Ellison rəhbərlik edir. CNN Worldwide-ın prezidenti və baş redaktoru Mark Tompson ilə CBS News-un baş redaktoru Bari Vays vəzifələrini davam etdirirlər, HBO-nun məzmun üzrə rəhbəri Keysi Bloys isə birbaşa istehlakçıya yönəlmiş məzmunun əsas məsul şəxsi olub.
Lakin ekspertlər yüksək faiz dərəcələri dövründə şirkətin borclarını azaltmaq üçün xərcləri azaltmağa məcbur qalacağına və bunun məzmunun keyfiyyətinə təsir göstərə biləcəyinə diqqət çəkiblər.
Proses boyunca ABŞ-nin bəzi ştatlarının prokurorları rəqabətin məhdudlaşdırılacağı ilə bağlı narahatlıqlara görə məhkəməyə müraciət etsələr də, ötən ay əldə edilən razılaşma ilə bu maneə aradan qaldırılıb.
Sövdələşməyə əsasən, CNN və CBS-də müstəqil jurnalistikanı təmin etmək üçün redaksiya müstəqilliyi şurasının yaradılması qərara alınıb.
Həmçinin şirkət hər il ən azı 30 film yayımlamağa məcbur edilərkən, süni intellekt məhsulu olan filmlərə qarşı ciddi məhdudiyyətlər tətbiq edilib və istehsalın müəyyən hissəsinin ABŞ-də həyata keçirilməsi şərti qoyulub.
