Rusiyada vəba laboratoriyası əməkdaşının ölümü ilə bağlı açıqlama verildi
Rusiyada Sibirdəki İrkutsk Vəba Araşdırma İnstitutunda çalışan Darya Şipilovanın şübhəli ölümü ilə bağlı son vəziyyət açıqlanıb. Rəsmilər laboratoriya əməkdaşının ölümündən sonra aparılan araşdırmalarda heç bir vəba hadisəsinin aşkarlanmadığını bildiriblər.
AFN.az xəbər verir ki, Rusiyanın səhiyyə üzrə nəzarət qurumu Rospotrebnadzor son 10 gün ərzində İrkutskdakı vəba araşdırma müəssisəsinin əməkdaşları arasında heç bir yoluxucu xəstəlik halının qeydə alınmadığını açıqlayıb.
Həyata keçirilən hərtərəfli tibbi testlər vəfat edən qadının orqanizmində onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlərin olmadığını göstərib.
İrkutsk yaxınlığındakı Şelehov rayonunun rəhbər müavini Yelena Sofina yerli xəstəxananın karantinə alındığını, lakin təhlükəli diaqnozun təsdiqlənmədiyini bildirib.
Sofina karantində saxlanılan şəxslərin təxminən 60 faizinin xəstəxanadan evə buraxıldığını bildirib.
Şelehovdakı Vəba ilə Mübarizə Araşdırma İnstitutunun əməkdaşı Darya Şipilovanın nümunə topladığı zaman tərkibində patogen olan borunu təsadüfən sındırması nəticəsində törədiciyə məruz qaldığı bildirilmişdi.
Sentyabrın 29-da mənşəyi bilinməyən ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan Şipilova qısa müddət sonra vəfat edib.
Müstəqil Rusiya media qurumu “Lyudi Baykal” İrkutskdakı bəzi xəstəxanaların üç həftə müddətinə karantinə alındığını və texniki işçi ilə birbaşa və ya dolayı təmasda olduğu ehtimal edilən ən azı 197 nəfərin tibbi nəzarətə götürüldüyünü açıqlamışdı.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer Cenevrədə keçirilən mətbuat konfransında Rusiya rəsmilərinin ÜST-nin məlumat sorğusuna rəsmi cavab verdiyini bildirib.
Rusiya hakimiyyəti İrkutsk şəhərində heç bir vəba hadisəsinin qeydə alınmadığını və vəfat edən əməkdaşla təmasda olan şəxslərin müəyyənləşdirilərək testdən keçirildiyini, nəticələrin mənfi çıxdığını bildirib. ÜST isə ümumi əhali üçün vəba riskinin aşağı göründüyünü açıqlayıb.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın hadisədən sonra etdiyi yardım təklifini məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Tramp bazar ertəsi verdiyi açıqlamada vəziyyəti Rusiya üçün böyük problem kimi qiymətləndirib. Peskov səhiyyə qurumlarının vəziyyəti nəzarətdə saxladığını və yeni məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlanacağını bildirib.



