Süni intellekt Napoleon dövrünün 217 illik sirrini açdı
Napoleon Bonapartın 1809-cu ildə general Ogüst de Marmonta göndərilməsi üçün hazırlatdığı şifrəli məktub 217 ildən sonra süni intellektin köməyi ilə deşifrə edilib.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı yazıb.
Məktub Napoleonun ögey oğlu və İtaliya vitse-kralı Yevgeni Boqarnenin qərargahından Marmonta göndərilib. Həmin vaxt Fransa Avstriya ilə müharibəyə hazırlaşırdı, Marmont isə Dalmasiyada qoşunları ilə əsas fransız qüvvələrindən təcrid olunmuş vəziyyətdə idi.
Məktubun ilk sətri fransız dilində yazılıb, sonrakı 24 sətirdə isə hərf, rəqəm və müxtəlif simvollardan ibarət mürəkkəb şifrə yer alıb. Şifrəni açmaq üçün istifadə olunan açar isə zamanla itib.
Şifrəni "SentinelOne" şirkətinin süni intellekt mühəndisi Karter Çörç "GPT-6 Astra" modelinin köməyi ilə açıb. Onun sözlərinə görə, prosesə yalnız məktubun bir görüntüsü təqdim edilib və süni intellekt təxminən altı saat ərzində görüntünü sətirlərə bölüb, simvolları tanıyıb, onları qruplaşdırıb və şifrənin strukturunu müəyyənləşdirib.
Deşifrə edilmiş məktubda Fransa və müttəfiq ordularının yerləşdiyi ərazilər və qoşunların sayı barədə məlumatlar yer alıb. Məktubda Marmonta təcrid olunmuş vəziyyətindən çəkinməmək və Avstriyanın tezliklə məğlub olacağına inanmaq tövsiyə edilib.
Məktubun məzmunu Napoleonun 1809-cu il martın 16-da Yevgeniyə göndərdiyi göstərişlərlə də uyğun gəlir. Həmin göstərişdə Marmonta şifrəli məktub göndərilməsi və Fransa ilə müttəfiq qüvvələrin yerləşməsi barədə məlumat verilməsi tapşırılmışdı.
Çörç hesab edir ki, şifrənin özü o qədər də mürəkkəb olmayıb. Lakin simvolların tanınması, kataloqlaşdırılması, tərcüməsi və daha sonra şifrənin açılması kimi müxtəlif mərhələlərin birləşməsi insan üçün xeyli daha çox vaxt tələb edə bilərdi.
Deşifrə nəticəsində məlum olub ki, məktub Napoleonun həmin dövrdəki hərbi planları barədə əvvəllər məlum olan məlumatlarla da üst-üstə düşür. Tədqiqatçıya görə, süni intellekt tarixi sənədlərdə indiyədək həll olunmamış çoxsaylı şifrələrin araşdırılmasını sürətləndirə bilər.

