"Warner Bros" "Paramount"un 111 milyard dollarlıq təklifini qəbul etdi



"Warner Bros Discovery" səhmdarları şirkətin "Paramount" tərəfindən 111 milyard dollara satın alınmasına razılıq verib.

AFN.az xəbər verir ki, media dünyasında balansları kökündən sarsıtması gözlənilən bu nəhəng birləşmə ilə "Harry Potter", "Game of Thrones" və CNN xəbər kanalı kimi böyük brendlər "Paramount"un çətiri altına girəcək.

"Warner Bros" İdarə Heyətinin sədri Samuel DiPiazza "Paramount" ilə qurulacaq yeni strukturun istehlakçı seçimlərini artıracağını və yaradıcı icmaya fayda verəcəyini qeyd edib.

Lakin müqavilənin tam başa çatması üçün ABŞ Ədliyyə Nazirliyi və Avropa rəqabət tənzimləyicilərinin razılığı lazımdır.

"Skydance"in sahibi olan "Paramount" texnologiya milyarderi Larri Ellison tərəfindən dəstəklənir və oğlu Devid Ellison tərəfindən idarə olunur.

Birləşmə prosesi xüsusilə CNN-in gələcəyi ilə bağlı narahatlıqları da gündəmə gətirib. Ellison ailəsinin CNN-in mülkiyyətini alacaq olması kanalın yayım siyasəti üzərində suallar yaradıb.

Respublikaçılar Partiyasının mühüm donorlarından olan Larri Ellisonun cümə axşamı Vaşinqtonda Prezident Donald Tramp ilə görüşəcəyi bildirilib.

Digər tərəfdən, aralarında Mark Ruffalonun da olduğu etirazçıların tənzimləyici maneələr davam edərkən keçirilən bu görüşlərə qarşı nümayiş keçirəcəyi gözlənilir.

Müqaviləyə yalnız siyasət deyil, sənət dünyasından da reaksiya gəlib. Emma Tompson, Ben Stiller və Xavyer Bardem də daxil olmaqla 1400-dən çox tanınmış sima bu birləşmənin yaradıcılar üçün daha az fürsət və iş imkanı, izləyicilər üçün isə daha yüksək xərc mənasını verəcəyi barədə xəbərdarlıq edib.

Demokrat senator Elizabet Uorren də müqaviləni antiinhisar fəlakəti kimi xarakterizə edib.

"Paramount" hüquqi icazələr alındığı təqdirdə birləşmənin sentyabr ayına qədər tamamlanacağını proqnozlaşdırır.

Razılaşma reallaşarsa HBO Max, "Food Network" və "Discovery Channel" kimi platformalar "Paramount"un portfelinə daxil ediləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu