Netflix "Warner Bros" təklifindən geri çəkildi: "Paramount" üçün yol açıldı
"Netflix" Hollivudun ən köklü studiyalarından biri olan "Warner Bros Discovery"ni satın almaq üçün təklifini artırmamaq qərarı alıb.
AFN.az xəbər verir ki, studiyanın rəqib "Paramount Skydance"in təklifini daha üstün hesab etməsindən sonra "Netflix"in atdığı bu addım aylardır davam edən satın alma yarışında "Paramount"un önünü açıb.
Keçən il satış prosesini başladan "Warner Bros" cümə axşamı verdiyi açıqlamada "Paramount"un son təklifinin "Netflix"in təklifi ilə müqayisədə daha sərfəli olduğunu bildirib. "Netflix" rəhbərliyi isə mövcud qiymət üzərindən razılaşmanın maliyyə cəlbediciliyini itirdiyini ifadə edərək, təklifi artırmayacaqlarını bəyan edib.
"Paramount" satın alma təklifini hər səhm üçün 1 dollar artıraraq mövqeyini gücləndirib. "Netflix"in həmsədrləri Ted Sarandos və Qreq Peters bu əməliyyatın səhmdarlar üçün dəyər yaradacağını, lakin hər zaman nizam-intizamla hərəkət etdiklərini bildiriblər. Rəhbərlər bu addımın zərurət deyil, yalnız doğru qiymətə planlaşdırılan bir gediş olduğunu vurğulayıblar.
Sözügedən vəziyyət tənzimləyici qurumlar tərəfindən təsdiqlənərsə, Hollivud yenidən formalaşacaq. Bu vəziyyət eyni zamanda ABŞ-ın ən böyük xəbər markalarından biri olan CNN-in gələcəyinə də ciddi təsir göstərəcək. Xəbər siyasətinə görə Donald Trampla tez-tez qarşı-qarşıya gələn CNN-in taleyi də müzakirə mövzusudur. Tramp keçən ilin dekabrında verdiyi açıqlamada hər hansı bir "Warner Bros" sövdələşməsinin tərkib hissəsi kimi CNN-in satılmalı olduğunu müdafiə etmişdi.
Lakin texnologiya milyarderi Larri Ellison tərəfindən dəstəklənən və oğlu Devid Ellison tərəfindən idarə olunan "Paramount" Hollivudda daha təsirli güc olmaq məqsədilə rəqib təklif irəli sürüb. Razılaşma təsdiqlənərsə, "Paramount" HBO Max abunəçilərini öz portfelinə daxil edəcək, həmçinin CNN, Food Network və müxtəlif idman kanallarının mülkiyyətini təhvil alacaq. "Paramount"un tərkibində hazırda Nickelodeon, CBS və Comedy Central kimi markalar yer alır.

