Unibank vətəndaşı xəbəri olmadan zamin kimi qeydiyyata alıb- ŞİKAYƏT (FOTO)
Azərbaycan Respublikasının Təhsil İnstitunun İnformasiya şöbəsinin müdiri Kənan Kərimli sosial şəbəkədə "Unibank” tərəfindən narahat edildiyi barədə yazı paylaşıb.
Belə ki, bank şikayətçinin xəbəri olmadan onun əlaqə nömrəsini hansısa, kredit götürən birinə zamin şəxs kimi qeydiyyata alıb. Kənan Kərimli iqtisadiyyat.az -a bildirib ki, bu hal artıq 4-5 aydır davam edir. Hər ay kreditin vaxtı çatanda şikayətçinin mobil və ev nömrəsinə bank tərəfindən zənglər gəlir. O, dəfələrlə nömrəsinin silinməsini tələb etsə də, bank tərəfindən əhəmiyyət verilməyib.
"Unibank, mənim nömrəmi bilən kiməsə kredit vermisiniz, etirazım yoxdur. Əlaqə üçün əlavə nömrələr istəmisiniz, mənim mobil və ev nömrəm verilib. Siz də mənim razılığımı almadan nömrəmi qeydə almısınız.
İndi hər gün mənə zəng edib vaxtımı alırsınız, evimə zəng edib ailəmi narahat edirsiniz. Hər dəfə də, "mənə zəng etməyin, mən sizə vasitəçilik etmək öhdəliyi götürməmişəm” desəm də hələ də həm evimə, həm də mobil nömrəmə zəng edirsiniz. Bu məsuliyyətsizliyinizi, insanları özünüzdən, markanızdan nifrət etdirmək üçün bu qədər israr etməyinizi anlamıram. Mən də israrla dediyiniz adama məlumat vermirəm, belə bir öhdəliyim də yoxdur.”
Mövzu ilə bağlı "Unibank"-ın mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, şikayət tez zamanda araşdırılaraq, tədbirlər görüləcək.