Mərkəzi Bankın talanı: adi bir rəqəmsal həll üçün milyonlar xərclənib


Dövlət qurumları elektron sənəd dövriyyəsi xidməti almaq, texniki dəstək və s. üçün tenderlər elan edir. eSatınalma resursundan müşahidə etmək olar ki, bir çox dövlət qurumlarının bu xidmətləri almaq üçün ayırdıqları xərclər ağlabatan və məntiqli görsənir. Lakin bəzi dövlər qurumları da var ki, bu istiqamətdə şişirdilmiş rəqəmlər təqdim edir.



Mərkəzi Bank da ikinci qrupa aid olan dövlət qurumlarındandır. Belə ki, İT məsələləri üzrə mütəxəssis Osman Gündüzün sözlərinə görə, qurum eyni bir xidməti almaq üçün milyonlar xərcləyib: "Mərkəzi Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün ötən il SİNAM şirkətinə 849895 AZN vəsait ayırıb. Bu qurum həmin il eyni vaxtda, istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 AZN də yenə həmin SİNAM şirkətinə ödəyib. Düşünürəm ki, cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq ağlasığmazdır. Bilmirəm, bəlkə də şirkət Mərkəzi Bankı aldadıb, bəlkə də sövdələşmə var. Adi məntiqlə yanaşsaq, qeyd olunan xidmətlər üçün, hətta sıfırdan yenidən hazırlamaq olsa belə, bu rəqəmlər ağlasığmazdır. Bunun hər hansı izahı yoxdur.
Düşünürəm ki, bunlar həm də onun göstəricisidir ki, eGov-un inkişafına cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin eGov Mərkəzinin elektron hökumətin əlaqələndirilməsi sahəsindəki fəaliyyəti qənaətbəxş deyil.
Qurum eGov sahəsində bir sıra uğurlu həllər təklif etsə də, bütövlükdə elektron hökumət quruculuğunda əlaqələndirmə sahəsində görülən işləri yetərli hesab etmək olmaz. eGov sahəsində İT layihələrin tətbiqində optimallaşma və ekspertiza sistemi yoxdur.
Müxtəlif şirkətlərə məxsus eyni mahiyyətli rəqəmsal həllər müxtəlif dövlət qurumlarında müxtəlif, ağlasığmaz qiymətlərlə tətbiq olunursa, demək burada effektiv eGov əlaqələndirməsindən danışmaq doğru olmazdı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu