Necə olur Azərbaycan qadını Azərbaycandan çıxan kimi parlayır? - MÜZAKİRƏ


Bütün dünyada qadınların sahib olduğu sosial, iqtisadi, siyasi və qanuni hüquqların məcmusu qadın hüquqları adlanır. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət-ənənələrə uyğunlaşdırılsa da, bir qrup ölkələrdə ümumiyyətlə sayılmır. Qadın hüquqları anlayışına daxil edilən, hüquqlar- fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər haqlara sahib olmaq, ədalətli və bərabər əməkhaqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq daxil edilir. Bu gün ölkəmizdə qadın hüquqları necə qorunur, gender bərabərliyi hansı səviyyədədir və bu sahədə mövcud problemlər hansılardır?




“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı danışarkən AFN-ə bildirdi ki, ölkədə gender bərabərliyinin olması ilə bağlı məsələ bir qədər mücərdəddir: “Qanunlar var, ancaq onların təkmilləşməsinə ehtiyac da var. Eləcə də gender rollarının bölünməsi, bərabər imkanlar məsələsi var, hələ ki, bu bir az problemdir. Mən genderə bilirsiniz necə baxıram, bu məsuliyyətli, vəhdətli, harmoniyadır. Bunun üçün insanın müəyyən düşüncəsi formalaşmalıdır, bunu normal qəbul etməlidir. Gender rolları, həssaslığı, dözümlüyü, ayrı-seçkiliyi məsələsi var. Gender geniş anlamdır, burada bərabərlik ola bilsin bir hissədə var, digər hissədə yoxdur. Məsələn, götürək ailədə hələ gender bərabərliyi anlamı formalaşmayıb, ancaq ola bilsin həyatın elə bir sahəsi var ki, orada formalaşıb. Bunun üçün dəqiq ölçə bilən indiqatorlar lazımdır, bu indiqatorlar bizdə yoxdur. Olsa biz real vəziyyəti dəqiq görə bilərik ki, hansı sahədə gender bərabərliyi yaxşı inkişaf edib, hansında yoxdur və yaxud zəifdir”.
M.Zeynalova deyir ki, hazırda gender əsaslı zorakılıqla bağlı iki qanunumuz var: “Bunlardan biri məişət zorakılığı, digəri insan alverinə qarşı mübarizə ilə bağlıdır. Gender haqqında ayrıca qanun var. Milli fəaliyyət planları var, bu da onların icrası üçün addım-addım dəyişməyə gətirib çıxaran fəaliyyət planlarıdır. Xeyli sayda qanunvericilik aktları var, Cinayət Məcəlləsində gender bərabərliyinin təminatı, hüquq əlçatanlığında gender bərabərliyi üçün imkanlar var”.
Bunlarla yanaşı poblemlərin də olduğunu deyən M.Zeynalovanın fikrincə, bu, daha çox sterotiplərdir: “Nədənsə daha çox gender bərabərliyini mütləq şəkildə qadınların qərar qəbul etmədə çoxluğu ilə ölçürlər. Yəni bu indiqatorla ölçürlər, digər indiqatorlar qıraqda qalıb. Ona görə də real indiqatorlar, meyarlarımız omalıdır. Həyatın bütün sahələrində, əkinçilik, uşaq bağçaları, yol çəkilməsi, tikinti və s. sahələrdə gender bərabərliyi ilə bağlı indiqatorlar olmalıdır ki, situasiya dəqiq qiymətləndirilsin. Bəlkə də vəziyyət o qədər də pis deyil, ancaq cəmiyyətdə elə təsəvvür yaranır ki, bizdə gender bərabərliyi yoxdur. Bir məsələ də var, bu mənim subyektiv fikrimdir, genderə hazırlıq, yəni insan davranışında, balansda, o harmoniyada, vəhdətdə hiss etməlidir. Bir az süni olanda bu, aqressiya doğurur. Bunun təhlükəli olmadığının izahı olmalıdır, təbii inkişafla getməlidir. Gender və mədəniyyət, gender və iqtisadiyyat önəmlidir və dəyişikliyə gətirən məsələlərdir”.



“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirdi ki, bu gün ölkəmizdə birmənalı şəkildə gender bərabərliyinin olduğunu demək olmaz: “Bizdə mövcud qanunvericiliyə görə, qadın və kişilərin hüquqları bərabərdir. Amma təəssüf ki, bunu öncə ailədə, sonra da ayrı-ayrı dövlət institutlarında görmürük. Qadınlar hələ də ailənin yükünü öz çiyinlərində daşıyırlar. İşləyən qadınların isə yükü ikiqatdır. Çünki onlar həm işləyib ailənin maddi ehtiyaclarını qarşılamalıdırlar, həm də ailənin əksər qayğılarını çəkməlidirlər. Məişətimizin əsas yükü bu gün qadınların çiyinləri üzərindədir və demək olar ki, bunu dəyişməyə cəmiyyətin gücü çatmır. Məişət zorakılıqlarının əsas qurbanları da əksər hallarda qadınlar olur”.
Ü.Abdullayevanın fikrincə, hakimiyyətin qollarına nəzər salsaq, orada da qadınların qərarvermədə iştirakının və təmsilçiliyinin çox cüzi olduğunu görərik: “Gəlin baxaq, ölkəmizdə ali icra orqanlarında nə qədər qadın təmsil olunub? Ölkədə bir nəfər də olsun qadın nazir yoxdur. Ölkədə cəmi bir icra başçısı qadın var. Ali qanunverici orqanda da qadınlar azlıqdadır: VI çağırış Milli Məclisdə 22 qadın mandat əldə edib. Bu, parlamentin tərkibinin beşdə biri deməkdir. Sadəcə, təqdirəlayiq olan odur ki, bu dəfə parlamentin spikeri qadındır. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır. Buna baxmayaraq, məktəb və xəstəxanaların rəhbərlərinin böyük əksəriyyəti yenə də əks cinsin nümayəndələridir. Bir dəfə rayonlardan birində nüfuzlu məktəbə getmişdim. Orada 88 qadın müəllim və cəmi iki kişi müəllim vardı. Kişilərdən biri məktəbin direktoru, digəri isə dərs hissə müdiri idi. Direktor haradasa 20 ilə yaxın idi ki, həmin postda oturmuşdu. Sanki ölkədəki bütün vəzifələr kişilərin boyuna biçilib. Qadınların yüksək vəzifələr tutmasının yolları isə hamar deyil, çox keşməkeşlidir”.
Ü.Abdullayeva onu da vurğuladı ki, Azərbaycan qadınları əslində çox şeyə qadirdirlər, onlar kifayət qədər savadlı, təhsilli, zəhmətkeş və yaradıcı qadınlardır: “Sadəcə, onların önünü açmaq lazımdır ki, cəmiyyətdə layiqli yerlərini tuta bilsinlər. Öz bacarıqları, ağlı, zəkası ilə irəli getmiş, cəmiyyətdə nüfuz qazanmış qadınlar bütün cəmiyyət üçün yaxşı nümunələr ola bilərlər. Belə qadınların sayı nə qədər çox olsa, cəmiyyətdə genderin hüquq bərabərliyi də daha yaxşı formada bərqərar olar. Bəlkə də müqayisə qüsurlu olacaq, kimlərinsə xoşuna gəlməyəcək, amma ədalət naminə deməliyik ki, məsələn, deputat Qənirə Paşayevanın xalqımız, dövlətimiz üçün təkbaşına gördüyü işləri parlamentdəki azı 50 kişi deputat görə bilmir, ya da görmür, görmək istəmir. Necə olur ki, Azərbaycan qadını Aygün Əttar Türkiyəyə gedir, öz savadı, qabiliyyətləri ilə qısa vaxtda ölkənin ən nüfuzlu aliminə çevrilir, necə olur ki, Nəsrin Cavadzadə xaricə gedir, qısa vaxtda öz istedadı ilə dünya səviyyəli aktrisaya çevrilir, amma Azərbaycanın özündə qadınlara belə imkanlar tanınmır?! Gender bərabərliyinin təmin olunması məsələsində əsas yük dövlətin üzərinə düşür. Çünki bura Şərq ölkəsidir, təkcə maarifləndirmə ilə iş bitmir, hakimiyyətin “müqəddəs yumruğu” da öz işini görməlidir. Dövlət bütün qanadlarında qadınları üst səviyyəyə qaldırmalıdır ki, cəmiyyət onlara ikinci sort adamlar kimi baxmasın”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu