Oğlum 34 ildir əlillik pensiyası alır, indi kəsiblər - ŞİKAYƏT


Vətəndaş Ağacanova Almaz Soltan qızı ölkə başçısına müraciət edib. Bir surətini AFN-ə göndərdiyi müraciətdə vətəndaş anadangəlmə əlil olan oğlunun pensiyasının kəsilməsindən şikayətçidir.



A.Ağacanova müraciətində yazır: “Oğlum İlkin Ağacanov 1987 -ci ildə anadan olarkən vaxtından əvvəl doğulmuş və doğuş zamanı baş nahiyəsindən ciddi zədə almışdı. Elə həmin vaxtdan “OMD” xəstəxanasında və 4 saylı uşaq xəstəxanasında qeydiyyata alınaraq mütəmadi müalicə alıb. Uşaqlığından 18 yaşına kimi xəstəliyi ilə əlaqədar müavinət təyin edilib. 18 yaşı tamam olduqdan sonra isə əlillik dərəcəsi qiymətləndirilərək pensiya verilməsi qərara alınıb. Həmin müddətdən hər dəfə vaxtı çatanda TSEK tərəfindən müayinə edilib, pensiyası davamlı olub. Təbii ki, alınan pensiya və ailəmizin maddi dəstəyi nəticəsində daima müalicə olunub. 29 dekabr 2020-ci il tarixdə Ağacanov İlkin Əlicəfər oğlu təkrar müayinə edilib. Bundan sonra isə DOST Mərkəzindən bizə imtina məktubu təqdim edilib. İmtinanın səbəbi oğlumun səhhəti deyil başqa səbəb qeyd edilib. Qeyd olunub ki, oğlumun adına 2016 -cı ilə qədər VÖEN rəsmiləşib, əmək müqaviləsi var. Bildirmək istəyirəm ki, oglumun 2014-cü ildə satıcı köməkçisi kimi əmək müqaviləsi olub. Sonra işləməyə çətinlik çəkdiyi üçün işdən çıxartdım. Həmin mağaza da fəaliyyətini 2016-cı ildə dayandırıb. Mən bununla bağlı aidiyyatı quruma sənəd də təqdim etdim. Tələb olunan bütün sənədləri vermişəm, indi də forma 88 istəyirlər. Onu da yanvarın 24-də təqdim etmişəm. Yenidən bu arayışı istəməklərinin məqsədi nədir, anlaya bilmirəm. Forma 88-i almaq çətin deyil, onsuz da mənim övladım doğuşdan xəstədir. Lakin mən onu yenidən alıb versəm 4 ay pensiya verməyəcəklər. 34 il xəstə olan adam birdən-birə sağalmadı ki. Kaş sağalaydı, başqaları kimi işləyib qazanaydı.
Cənab Prezident! Mən özüm də dializ xəstəsiyəm. Həmçinin dizlərimdə, sümüklərimdə aşınma var. Bu səbəbdən özüm mütəmadi müalicə alıram. Əvvəllər müalicəmə xərc qoyurdum, sonradan dövlət qeydiyyatına alındım. Ancaq oğlumun xəstəliyi ailəmizin maddi durumunu gündən-günə çətinləşdirir. İki oğlum var, hər birinin yaşı 30-dan çoxdur, lakin imkansızlıq üzündən heç birini evləndirə bilməmişəm.
Dövlət müəssəsinin əmək müqaviləsini bəhanə edərək pensiyadan imtina verməsi və yenidən forma 88 istəməsi qanunsuzdur və süründürməçilik məqsədi ilədir. Niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi insanlara bu cür yanaşır? Süründürməçilik edirlər, incidirlər vətəndaşları.
Cənab Prezident! Qeyd olunanları nəzərə alaraq oğlum Ağacanov İlkin Əlicəfər oğluna müddətsiz əlillik dərəcəsi təyin edilməsi barədə aidiyyatı üzrə göstəriş verməyinizi Sizlərdən bir ana kimi xahiş edirəm!”














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu