Dəyişən yalnız nazirdir: Sahil Babayev vətəndaşa yönəlik islahatlarla yadda qalmadı
Əlilliyi olan vətəndaşların sosial müdafiəsi ilə bağlı ciddi problemlər yaranıb. Bu, özünü əvvəllər olduğu kimi, yenə də əlliliyin təyinatı və bu kateqoriyadan olan şəxslərə müavinətlərin verilməsində göstərir. Sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara sosial müavinətlərin verilməsi ilə bağlı ciddi narazılıqlar var.
Valideynlər narazıdır, amma…
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında əlil uşaq analarının keçirdiyi etiraz aksiyası bu sahədə şəffaflığın təmin olunmadığını göstərir. Adıçəkilən nazirlik əhalinin sosial müdafiəsi istiqamətində son illər dəfələrlə islahatlar aparıldığını bildirsə də, çoxsaylı şikayətlər ciddi dəyişikliklərin baş vermədiyini deməyə əsas verir. Belə çıxır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəşiyən yalnız nazirin özündən ibarət olub. Çünki insanlar yenə də Dövlət Tibbi Sosial Ekspertiza Agentliyi ilə ƏƏSMN arasında get-gəldə qalır. Nazir Sahil Babayev isə etirazçıların tələblərinə baxmayaraq, onları qəbul edib şikayətlərini dinləmək istəmir. Qeyd edək ki, Azərbaycanda Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu il aprelin 1-dən 150 AZN miqdarında müəyyənləşib. Həmin fərmanla müavinət, təqaüd və kompensasiyanın təyin olunması qaydaları da sadələşdirilib. Bu müavinəti almaq üçün yerli icra hakimiyyəti orqanının ailə tərkibi haqqında arayışı tələb olunur. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum olmasını təsdiq edən sənədin surəti olmalıdır. Lakin vətəndaşlar əksər hallarda dövlət tibbi sosial ekspert komissiyalarında və Sosial Müdafiə mərkəzlərində süründürməçiliklə, bürokratik maneələrlə üzləşir.
Postsovet ölkələrində əlil uşaqlara qayğı
Aparılan müşahidələr 18 yaşına çatmamış əlil uşaqların sosial reabilitasiyası ilə problemlərin bununla yekunlaşmadığını təsdiq edir. Valideynələrin bu sahədə narazı qaldığı məqamlardan biri də aylıq müavinətin az olması ilə bağlıdır. Çünki uşağın əlilliyinə görə ödənilən vəsait onun müalicə xərclərini belə təmin etmir. Əlil uşağa baxan valideynlər isə əksər hallarda işləməkdən imtina etmək məcburiyyətində qalır. Azərbaycanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində dövlət təqaüdü verilir. Bu isə çox cüzi məbləğdir. Ona görə də alınan yardımlar ailənin kəsirini üstələmir. Pandemiya ilə əlaqədar ailə büdcəsinə daixlolmaların kəskin azalması fonunda istehlak bazarında bahalaşmanın baş verməsi həm əlilliyə görə sosial müavinətlərin, həm də valideynlərə ödənilməli olan təzminatların artırılmasını zəruri edir.
Qonşu postsovet ölkələrinin bu sahədəki təcrübəsi ilə müqayisə aparsaq Azərbaycanda adıçəkilən sahədə vəziyyətin xeyli geri qaldığını görmək olar. Rusiyada 18 yaşına qədər olan uşaqlara əlilliyə görə 13 464 ,64 rubl və ya 312 AZN məbləğində təqaüd verilir. Aprel ayının 1-dən bu məbləğin artırılması nəzərədə tutulur. Bundan başqa, əlil uşağa baxdığına görə əmək fəaliyyəti ilə məşğul ola bilməyən şəxsə Rusiya prezidentinin 03.07.2019-cu il tarixli 95 nömrəli Fərmanına uyğun olaraq, kompensasiya ödənilir. Fiziki cəhətdən məhdud uşağı övladlığa götürən 1 valideynə 10 min rubl və ya 232 manat məğbləğində təzminat ödənilir. Əgər uşağın yanında ona xidmət edəcək başqa şəxs varsa, o halda təzminatın məbləği 1200 rubl, yaxud 27,80 manat təşkil edir. İqtisadi imkanlarına görə Azərbaycandan xeyli zəif hesab edilən Gürcüstanda hökumət əlil uşaqların sosail reabilitasiyası üçün hər ay 300 lari və ya 153,6 manat müavinət ödəyir. Göründüyü kimi, əlil uşaqlara maddi dövlət yardımı Azərbaycanla müqayisədə çoxdur ki, az deyil. Bundan başqa, koronavirus pandemiyasının əhalinin gəlirlərinə vurduğu zərərəi nəzərə alaraq Gürcüstanın 2021-ci ilə dair dövlət büdcəsindən müxtəxlif sosial təbəqələrə, o cümlədən əili uşaqlara əlavə yardım ayrılıb. Qeyd edək ki, Gürcüstanda 18 yaşına çatmamış və fiziki cəhətdən qüsurlu sayılanların ümumi sayı 43 min nəfər təşkil edir. Cari ilin yanvar ayından onların sosial təminatı üçün Gürcüstan hökuməti 100 lari və ya 51,2 manat əlavə təzminat ayırıb. Gürcüstanın Maliyyə Nazirliyindən verilən məlumata görə, bu vəsait 2021-ci il üçün nəzərdə tutulub. Yəni qısa müddət üçün deyil, 12 ay ərzində ödəniləcək. Azərbaycan kimi neft hasilatçısı olan Qazaxıstanda əlil uşaqlar hökumətin qayğısını daha yaxşı hiss edir. Prezident Tokayevin fərmanı ilə 2021-ci il yanvarın 1-dən etibarən 16 yaşa qədər əlil uşalara və birinci qrup əlil kimi böyüyən uşaqlara verilən müavinətlərin həcmi 2801 tenge artırılaraq 48 023 tengeyə (114 dollar) çatdırılıb. Eyni məbləğin əlil övladını böyüdən qəyyum anaya və ya ataya da ödənilməsi də nəzərdə tutulub. Azərbaycanda isə bu müavinətin məbləği 88 dollara bərabərdir. Belarusda əlil uşaqların sosial reabilitasiyası üçün ayrılan aylıq dövlət vəsaitinin məbləği cari il fevral ayının 1-dən artırılıb. Belə ki, 1-ci və 2-ci qrup kateqoriyadan olanlar və sağlamlığını 100 faiz itirmiş 3 yaşına çatmamış körpələr üçün həmin vəsait 262,87 rubl və ya 172 manat təşkil edir. Qeyd edilən göstəricilər Belarusda da sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ödənilən müavinətin Azərbaycandan artıq olduğunu təsdiq edir. Hətta Belarus hökuməti 3-cü və 4-cü qrup əlillik dərəcəsi olan və sağlamlığını 120 faiz itirmiş 3 yaşdan yuxarı uşaqlara isə 315,44 rubl və ya 206 manatdan artıq müavinət verir.
Bu rəqəmlərdə diqqəti çəkən məqam Azərbaycandan fərqli olaraq əlliliyi olan digər ölkələrdə uşaqların sosial reabilitasiyası üçün xərclərin davamlı artırılmasıdır. Azərbaycanda isə bu vəsait 2019-cu ildən sonra artırılmayıb. Ancaq Azərbaycanla müqayisədə xeyli kasıb hesab edilən Ukraynada parlamentin qərarı ilə 2021-ci ildə 6 yaşa qədər olan əlil uşaqlara ayrılan dövlət xərcləri 200 faiz artırılıb. Həmin qərar 6-18 yaşa arası fiziki cəhətdən qüsurlu olan azyaşlılara da aiddir. Bundan başqa, Ukrayna 2021-ci il yanvarın 1-dən A 1 qrupuna aid əlil uşaqlar üçün sosial yardımları 75 faizdən 200 faizə qədər artırıb. B 1 qrupuna aid uşaqların reabilitasiyası üçün xərclər 50 faizdən 100 faizə, 3-cü və 4-cü qrupdan olanlara isə aylıq yardımlar 15 faizdən 75 faizə qaldırılıb. Bu zaman rəsmi Kiyev gəlirlərin indeksasiyasını nəzərə alıb. Lakin Azərbaycanda istehlak bazarında sürətlə baş alıb gedən bahalaşmaya və Mərkəzi Bankın ictimiyyətdən gizlətdiyi real inflyasiyanın artmasına baxmayaraq, sosial reabilitasiya xərclərinin hesablanması zamanı indeksasiya aparılmır.
Əlilliyin təyinatının dayandırılması korrupsiya əməlidir…
Daha bir problem əlilliyin təyinatı ilə bağlıdır. Etiraz aksiyası keçirən valideynlərin açıqlamasına görə, 2020-ci ilin noyabr ayında sağlamlıq imkanı məhdud olan uşaqların yenidən komissiyadan keçməsi üçün müraciət ediblər. Həmin vaxtdan dörd ay ötməsinə baxmayaraq, uşaqların növbəti əlillik müddəti təsdiq edilənə qədər müavinətlərin ödənişi dayandırılıb. DSM-lər sağlamlığı məhdud uşaqların tibbi sosial ekspert komsissiyasından keçdiyi dövrü əlillik hesab etmir və həkim rəyini gözləmədən müavinətlərin ödənişi dayandırılır. Amma bu ödənişlər büdcədən kəsilmir, ailələrə çatdırılmır. Ona görə də son vaxtlar əlillərin, eləcə də sağlamlığı məhdud uşaqların bu kateqoriyadan çıxarılması halları artıb. Həmin şəxsin əlillik dərəcəsinə uyğun olduğunu sübut edənə qədər arada xeyli vəsait “əlçatmaz” olur. Əlil anaları da yeni təyinat verilənə qədər ötən ayların müavinət pulunun mənimsəniləcəyindən narahatdır. 2020-ci ilin statistikasına görə, Azərbaycanda sosial reabilitasiyaya ehtiyacı olan uşaqların sayı 72 min nəfər təşkil edir. Əgər valideynlərin narahatlığı əsaslıdırsa, bu, 150 manatdan hər ay 10 milyon 800 min manatın korrupsiyanın qurbanı olması deməkdir. Həmin maxinasiyaya 50 manat təzminat pulunu da əlavə etsək, 3 milyon 600 min manatın da taleyi sual altına düşür. Belə çıxır ki, bütövlükdə hər ay 14 milyon 400 min manat yalnız əlliyi olan uşaqların hesabına hesabdan silinir.
M.Vahidli