Osloda Çingiz Abdullayevlə görüş olub
«Mənim dilim -Ana dilim» layihəsinin bu dəfəki qonağı Xalq yazıçısı Çingiz Abdullayev olub. Dedektiv janrda yazan Ç.Abdullayevin əsərləri Azərbaycanla yanaşı,dünyanın bir sıra ölkələrində xaric dillərə tərcümə edilərək, geniş oxucu sevgisi qazanıb. Belə ki, Ç.Abdullayevin əsərləri Norveçdə də oxucuların rəğbətini qazanıb və sevilib. İki dəfə Norveçə səfər edən Ç.Abdullayev Osla və Bergen şəhərlərində oxucularla görüş keçirib və imzalı kitablarını onlara təqdim edib. Yazıçının dediyinə görə, Skandinaviya ölkələri əsərlərinin çox oxunduğu ölkələr sırasındadır.
AFN xəbər verir ki, bu dəfə Ç.Abdullayevin Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdləri ilə zoom görüşü olub. Qeyd edək ki, bu görüş Novruz bayramı günü məktəbin şagirdlərinə və valideynlərə dəyərli və gözəl bir hədiyyə olub. Ç.Abdullayev Osloda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan həftəsonu məktəbində ana dilinin tədris edilməsini müsbət qiymətləndirib və bilirib ki, ana dilini uzaq Skandinav ölkəsində uşaqlara öyrədilməsi, onlarda ana dilinə olan sevginin artmasına səbəb olacaq. Ç.Abdullayev müasir dövrdə dünyaya çıxmaq, müəyyən bir mövqey və status əldə etmək üçün uşaqların Ana dili ilə yanaşı, bir neçə xarici dil bilməsinin vacib olduğunu söyləyib. Kitabların uşaqlar üçün zəngin bir bilik mənbəyi olduğunu deyən yazıçı, ancaq kitabların köməyi ilə uşaqların lazımi bilikləri əldə edə biləcəyini qeyd edib. Bu gün artıq Avropa ölkələrində olduğu kimi Azərbaycanda da müasir kitab evlərinin olduğunu deyən Ç.Abdullayev valideynləri uşaqları bu cür məkanlara tez-tez aparmağa və kitabları onlara kiçik yaşlarından sevdirməyə səsləyib.
Ç.Abdullayev ölkəmizdə Vətən Müharibəsi getdiyi bir vaxtda Rusiyanın müxtəlif telekanallarında dəfələrlə çıxışlar edib,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb və erməni yalanlarını ifşa edib.
Görüşdə vətənpərvərlik mövzusuna da toxunan Ç.Abdullayev ölkəmizin 44 günlük Vətən Müharibəsində sonra qazandığı böyük qələbənin xalqımızın tükənməz vətən sevgisinin,fədakarlığının və əzimkarlığının nəticəsi olduğunu bildirib. Yazıçı qeyd edib ki, Azərbaycandan kənarda yaşayan uşaqlarımızla yazıçı və şairlərimizin görüşünün təşkili onlarda vətnpərvərlik hissinin və Vətən sevgisinin güclənməsi üçün əsas vasitə və zəmin ola bilər.
Görüşdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin və Yevlax rayonu Nizami Gəncəvi adına Malbinəsi tam orta məktəbinin şagirdləri söylədikləri, şeir, mahnı və çəkdikləri rəsmləri ilə görüşə xüsusi bir rəng qatıb və onların çıxışları maraqla qarşılanıb.Beşinci sinif şagirdi Aysel İsazadə Ç. Abdullayevin portretini çəkib və görüşdə yazıçıya təqdim edib. Və digər beşinci sinif şagirdi Nuran Həsənzadə ifa etdiyi “ Bayram axşamları” mahnısı ilə görüşə xoş əhval-ruhiyyə qatıb. Milli geyim ilə görüşümüzə qatılmış birinci sinif şagirdi İnci Əliyeva geyimi və söylədiyi şeiri ilə həftəsonu məktəbinin şagirdlərinin marağına səbəb olub. Aylan Süleymanlı,Rəhimli Miran,Əli Vəlizadə və digər uşaqlarda görüşdə maraqlı çıxışları ilə yadda qalıblar.
NİGAR