“Neftçi” səfərdə “Qəbələ” ilə heç-heçə etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Günün ilk oyununda “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub.
Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. İlk hissədə qapılara qol vurulmayıb. Görüşdə əsas hadisələr ikinci yarıda baş verib. 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb. 62-ci dəqiqədə paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra “Qırmızı-qaralar” yenidən önə keçib. Yurqen Qoxa topu qapıdan keçirib. Flaqmanın kapitanı Emin Mahmudov 71-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba yenidən tarazlıq gətirib.
Beləliklə, bu oyundan sonra ikinci pillədə qərarlaşan “Neftçi” 43-cü, 5-ci sıradakı “Qəbələ” isə 24-cü xalını qazanıb.
Qeyd edək ki, günün digər oyununda “Sabah” “Səbail”i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq “Zirə” – “Keşlə” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.