ƏƏSMN müraciətlərin fərdi qaydada araşdırılması üçün bir sistem yaratmalıdır – Azər Badamov


Hazırda ölkədə sosial-iqtisadi sahədə bir sıra mövcud problemlər var. Bu problemlərin həlli istiqamətində hansı addımlar atılmalıdır? Bu mövzuda AFN-in müsahibi millət vəkili Azər Badamovdur:


- Bir ildən artıqdır ki, davam edən koronavirus pandemiyası ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Epidemiyanın ikinci dalğasının başa çatmasından sonra iqtisadi dirçəlişin baş verəcəyi proqnozlaşdırılırdı. Lakin üçüncü dalğanın sürətlə yayılması iqtisadi resessiyanın davamlı olmasına şərait yaradır. Hər bir epidemiya mərhələsi özü ilə növbəti iqtisadi və sosial fəsadlar gətirir. Ona görə də hamını indi bir sual düşündürür - bu vəziyyət nə vaxta qədər davam edəcək?

- Çox təəssüf ki, bir ildən çox müddətdir pandemiyalı şəraitdə yaşayırıq. Pandemiyaya görə tətbiq edilmiş məhdudiyyətlər və normalar gündəlik həyat tərzimizə çevrilib. Bir il əvvəl heç kim insanların hamısının tibbi maskada gəzəcəklərinin mümkün olacağına inanmazdı. Bu gün isə demək olar ki, hamı hər yerdə tibbi maskadadır. Təəssüflə qeyd edim ki, həyatımızı çətinləşdirən məhdudiyyətlərin tətbiqi də davam etməkdədir. Qeyd etdiyiniz kimi, pandemiyanın üçüncü dalğası həyatımıza daxil olub. Üçüncü dalğa əvvəlkilərdən daha ağır gəlib. Gündəlik koronavirusa yoluxanların və bu virusdan dünyasını dəyişənlərin sayında hələ də artımlar müşahidə olunur. Bəs bu vəziyyət nə qədər belə davam edəcək, sualınıza cavab olaraq bildirmək istəyirəm ki, pandemiya ilə sağollaşmağın yeganə yolu kütləvi peyvəndlənmədən keçir. COVİD-19 infeksiyasına qarşı peyvəndlərə çoxlu ölkələrin əl çatanlığı olmadığı halda dövlətimiz ölkəmizə bu peyvəndləri gətirib. Ölkəmizdə sürətli peyvəndlənmə aparılır. Təəssüf ki, bəzi vətəndaşlarımız peyvəndin vurdurulmasına tərəddüdlə yanaşırlar. Bu, yanlış fikirdir. Qeyd etmək istəyirəm ki, peyvəndləmənin alternativi yoxdur. Əgər biz gündəlik normal həyata qayıtmaq istəyiriksə mütləq şəkildə peyvəndləri vurdurmalıyıq. Hələki ölkəmizdə peyvəndlənmə dinamikası müsbətdir. Demək olar ki, əhalimizin 10%-dən çoxuna peyvəndlər vurulub. Bu, dünya ölkələri ilə müqayisədə çox yaxşı göstəricidir. Əgər biz avqusta qədər əhalimizin 80%-nə peyvəndləri vura bilsək, heç bir məhdudiyyətin davam etdirilməsinə ehtiyac qalmaz. Peyvəndlənmiş insanlar arasında yoluxanlar çox az olur. Peyvəndlənmiş insan yoluxarsa da xəstəliyi yüngül şəkildə adi qrip kimi keçirir, qorxusu qalmır. Ona görə də hamı peyvəndlənməlidir.

- Pandemiyanın nə zaman başa çatacağını söyləmək çətindir. Ancaq müəyyən istisna sahələr olmaqla iqtisadiyyatı daha tez xilas etmək olar. Sizcə, bu xilas yolunu tapmaq üçün hansı addımlar atılmalıdır?

- Düz qeyd edirsiniz ki, pandemiyanın nə vaxt başa çatacağı məlum deyil. Amma hələ də bir çox sahələr qapalı qalmaqdadır. Həmin sahələrdə işləyənlər və həmin müəssisələr çətin maliyyə durumu ilə üzləşib. Düzdür, qapalı sahələrdə işçilərə əmək haqlarının verilməsinə və müəssisələrə dövlətimiz maliyyə dəstəyini göstərib. Nə qədər dövlət dəstəyi olsa da, müəssisə qapalı qalanda iqtisadi problemləri günü-gündən artır. Ona görə də düşünürəm ki, artıq bütün fəaliyyət sahələrində məhdudiyyətlər aradan qaldırılmalı və pandemiyalı şəraitə uyğunlaşdırılmış şəkildə fəaliyyətlərinə icazə verilməlidir.

- Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə infrastruktur layihələrinin və bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Pandemiyanın yaratdığı iqtisadi problemlər həmin bərpa və yenidənqurma işlərinə mane olacaq, yoxsa layihələri axıra qədər həyata keçirmək mümkün olacaq?

- İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işlərinə başlanılıb. Dövlət büdcəsindən bu işlərin görülməsinə 2 milyard manat vəsait ayrılıb. Düzdür, pandemiya ölkə iqtisadiyyatında azalmalar əmələ gətirib. Amma dövlətimizin kifayət qədər iqtisadi gücü var ki, yenidənqurma və bərpa işlərini plana uyğun icra etsin. Yenidənqurma və bərpa işlərində maliyyə çatışmazlığı yoxdur. Sadəcə həmin ərazilərimizin pərakəndə şəkildə minalanması geniş şəkildə layihələndirmə və tikinti işlərinin aparılmasına mane olur.

- Cari ilin iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan məhsullarla bağlı rəqəmlər açıqlanıb. Burada elə məhsullar var ki, məsələn, təzə tərəvəz idxalı 3,2 dəfə artıb. Söhbət Azərbaycanın özünü yerli istehsal hesabına təmin edə bilən məhsullardan gedir. Halbuki, belə məhsullarla bağlı idxaldan asılılığı azaltmaq mümkündür. Buna nail olmaq üçün hansı tədbirlər həyata keçirilməlidir?

- Təzə tərəvəz idxalının 3.2 dəfə artmasını heç də yaxşı hal hesab etmirəm. Ölkəmizin kifayət qədər kənd təsərrüfatı potensialı var ki, daxili istehsalını artırsın. Kənd təsərrüfatı sektoru daima dövlət qayğısı ilə əhatə olunub. Düşünürəm ki, istehsalın azalmasına pandemiya da öz təsirini göstərib. Amma tərəvəz istehsalının azalmasının tərəvəz əkilən sahələrin kütləvi şəkildə bağlaşdırılması ilə əlaqəli olduğunu hesab edirəm. Son illər ölkəmizdə intensiv bağların həcmi sürətlə artır. Təbii ki, bu, tərəvəz əkilən sahələrin azalmasına gətirib çıxardır. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə 600 min hektardan çox əkinə yararlı torpaqlarımız var . Bu torpaqlarda əkin işləri aparılanda ölkəmizə idxal olunan məhsulları əksək, idxalı qısa bir zamanda dayandıra bilərik.

- Bu günlərdə Milli Məclisdə Hesablama Palatasının hesabatı açıqlandı. Məlum oldu ki, bir sıra qurumlarda ciddi nöqsanlar aşkarlanıb. Ancaq müşahidələr göstərir ki, Hesablama Palatası rəy verir və bununla proses sanki başa çatır. Həmin rəylər əsasında prokurorluq orqanları cinayət işi açmır və istintaq arşdırması aparılmır. Halbuki, milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair faktlar təqdim olunur. Hesablama Palatasının hesabatları ilə bağlı nəyə görə hüquqi tədbirlər görülmür?

- Xeyir, heç də qeyd etdiyiniz kimi deyil. Hesablama Palatasının apardığı yoxlamalar sayəsində 59 milyon manat dövlət büdcəsinə qaytarılıb. Müəyyən yoxlamaların nəticələri barəsində hüquqi qiymət verilməsi və dövlət vəsaitinin bərpa etdirilməsi üçün müvafiq orqanlara göndərilib və araşdırmalar aparılır. Hesablama Palatasının son bir illik fəaliyyətini müsbət dəyərləndirərdim.

- Bu gün aktual olan mövzulardan biri də ölkədə 90 min nəfərin pensiyasının ləğv edilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız saxta yolla alınmış əlillik dərəcəsinin ləğv edildiyini iddia edir. Ancaq son vaxtlar istər mətbuatda, istər real həyatda kifayət qədər sağlamlıq imkanları məhdud olan şəxslərin əlillik kateqoriyasından çıxarıldığını görmək olar. Hətta onların arasında anadangəlmə əlil olan şəxslər var. Onlardan yenidən Tibbi Sosial Ekspert Komissiyasından keçmək tələb olunur. Vətəndaşlar da sosial müdafiə və tibbi qurumlar arasında get-gəldə qalıb. Əlilliyin təyin edilməsi nə vaxta qədər mübahisə predmeti olaraq qalacaq?

- Çox təəssüf ki, belə hallar var. Əlilliyin ləğvi ilə bağlı qeyd etmək istəyirəm ki, pensiyası dayandırılanların arasında kifayət qədər şəxs var ki, onların 18 yaşı tamam olduğuna görə müavinətlərin verilməsi dayandırılıb. Qanunvericiliyə əsasən, 18 yaşına qədər sağlamlığının məhdudluğuna görə müavinət alan şəxslər yenidən TSEK-dan keçməklə əlilliyinə görə pensiya üçün müraciət etməlidirlər. Bu da insanlarda narazılıq yaradır. Həm də kifayət qədər saxta pensiya alan var ki, onlar müşahidə olunduqca pensiyaların verilməsi dayandırılır. Çox təəssüf ki, pensiya almaq hüququ olan sağlamlığı məhdud insanlar da onların arasında olurlar. TSEK sağlamlıq haqqında qərar verəndə çox hallarda ədalətsizlik edərək sağlamlığı məhdud insanların haqqında da lazımı qərar vermir. Bu da əlilliyinə görə pensiya almaq haqqı olan insanları bu hüququndan məhrum edir. Bəzi hallarda da pensiyaların təyinatı elektronlaşdığından müraciət edənlər sənədləri elektron qaydada düzgün doldurmurlar və bu da imtina olunmasına gətirib çıxarır. Düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər bir müraciət edənin müraciətinin fərdi qaydada araşdırılması üçün bir sistem yaratmalıdır. Çünki anadangəlmə qüsurlu, əlini, ayağını, gözünü itirmiş insanları müalicəyə yazmaqla yenidən bu orqanların bərpası mümkün deyil. Belə insanların qazanc yerləri yoxdur. Pensiyaya ehtiyacı olan şəxs üçün hər bir qəpik onun həyatında böyük rol oynayır. Ona görə də belə şəxslərə pensiyalar dərhal təyin olunmalıdır.

- Ölkədə 50-60 nəfərlik müştəriləri olan restoranlar fəaliyyət göstərir. Ancaq toy məclislərinə icazə verilmir. Sosial şəbəkələrdə, ictimaiyyət arasında analoji sayda toy məclislərinin təşkilinə icazə verilməməsinə iradlar səslənir. Sizcə, bu haqlı iraddırmı?

- Toyların keçirilməsinə qadağanın tətbiqi pandemiya ilə əlaqədar insanların kütləvi yığıldığı tətbirlərin keçirilməsinə qoyulmuş məhdudiyyətlərlə bağlıdır. Amma bir ildən çoxdur ki, toyların keçirilməsi dayandırılıb. Bu da gənclərimizin ailə həyatı qurmasını ləngidib. Bu dövrdə toy etmədən qurulan çoxlu ailələr də var. Amma çoxlu valideynlər var ki, övladına toy etməyi arzulayır. Pandemiyanın nə vaxta qədər davam edəcəyi məlum deyil. Ona görə də qeyri-müəyyən müddətə toyların keçirilməsinin dayandırılmasını da düzgün hesab etmirəm. Pandemiyalı dövrün öz tələbləri var. Bu tələbləri gözləməklə məhdud dairədə toyların keçirilməsinə icazə vermək olar. Belə götürəndə qeyd etdiyiniz kimi, restoranlarda bir zalda 50-60 nəfər bir yerdə otururlar. Əgər restoranların və çayxanaların fəaliyyətinə icazələr verilibsə, məhddud çərçivədə insan iştirakı ilə toyların da keçirilməsinə icazələrin verilməsinin vacib olduğunu düşünürəm.

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu